Sahib Məmmədov: “Qalib Azərbaycan xalqı Zəfər Gününü böyük sevinc və iftixarla qeyd edir”

91

“Tarixin hansı qatlarına ensək, hansı qaynaqları araşdırsaq, orada yalnız Azərbaycan xalqının yaratdığı mədəniyyətdən, ədəbiyyatdan, qurduğu dövlətlərin qüdrətindən, həmin dövlətlərin ədalətli mövqeyindən, sülhsevər siyasətindən bəhs olunur. Bu gün hər birimiz qədim dünyaya qədər gedib çıxan şanlı tariximizlə həm də ona görə öyünürük ki, keçmişimiz aydın və təmizdir, xalqımızın təbiətindən işğal, təcavüzkarlıq kimi anlayışlar tamamilə uzaqdır. Xalqımızın taleyində keşməkeşli yollar da olub, yadellilərin hücumlarına da məruz qalmışıq, xain işğalla da üzləşmişik. Lakin düşmənlə rəşadətlə döyüşərək azadlıq və torpaq yolunda yorulmadan, usanmadan mübarizə aparmışıq. Milli kimliyimizi əlimizdən almaq, torpaqlarımızı mənimsəmək, hətta tariximizi unutdurmaq istəyənlərin planları, sözsüz ki, axırda iflasa uğrayıb. Əhəmiyyətinə görə tariximizin ən şanlı səhifəsi olan Şərqi Zəngəzurun və Qarabağın Ermənistan işğalından azad edilməsi bunun əyani sübutudur. Cəmi 44 gün davam etməsinə baxmayaraq, özündə iki əsrlik münaqişəni, 30 illik müharibəni birləşdirir. Müharibənin sonralar özünü göstərən yeni nəticələri də haqq savaşımızın mahiyyətini, fəlsəfəsini bir daha dərindən dərk etməyə imkan verir. Ermənistan və havadarları hesab edirdilər ki, Azərbaycan müxtəlif vaxtlarda aparılmış etnik təmizləmə, soyqırımları unudacaq, torpaqlarının işğalı ilə barışacaq. Amma, görünür, onlar xalqımızın xarakterinə və keçmişinə dərindən bələd deyilmişlər”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan yetkin və məsuliyyətli dövlət olaraq hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb, fəaliyyətində bu prinsipləri əsas götürüb: “Artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin sülh yolu ilə həllində də Azərbaycan beynəlxalq hüquqa əsaslanırdı. Lakin uzun illər aparılmış danışıqlar heç bir nəticə vermədi. Münaqişənin nizamlanması məqsədilə yaradılan ATƏT-in Minsk qrupu isə, ümumiyyətlə, üzərinə düşən məsuliyyəti dərk etmir və qərəzli mövqe sərgiləyirdi. Aydın görünürdü ki, burada məqsəd faktları görməzdən gəlmək və mövcud vəziyyəti olduğu kimi saxlamaqdır. Hətta diqqəti münaqişənin ədalətli həllindən yayındırmaq üçün başqa mənasız problemlər də qabardılır, nəzərlər digər istiqamətlərə yönəldilir, ikili standartlar da öz yerində. Bir az da uzağa gedərək utanmadan Azərbaycandan güzəşt istəyir, münaqişənin həllində hərb variantını istisna edirdilər. Cənab Prezident İlham Əliyevin siyasi fəaliyyətinin ana xəttini, mütləq prioritetini Azərbaycanın ərazi bütövlüyünün təmin olunması təşkil etməsi şübhəsiz idi. Görülən bütün işlərin, atılan addımların mərkəzində də bu ali missiya dayanırdı. Cənab İlham Əliyev qarşı tərəfin bütün çirkin planlarının, işğal mahiyyətli siyasətinin qarşısında möhkəm dayandı, diplomatik bacarığı, düşünülmüş addımları və tutarlı arqumentləri ilə təcavüzkar siyasəti ifşa etdi, danışıqlar masasında dövlətimizin maraqlarını, xalqımızın mənafeyini ləyaqətlə qorudu”.

“Dərin siyasi zəkası ilə prosesləri düzgün qiymətləndirən, hadisələrin hansı məcrada davam edəcəyini öncədən bilən uzaqgörən siyasətçi cənab Prezident İlham Əliyev münaqişənin həllində alternativ variantı da diqqətdən qaçırmırdı. Paralel olaraq ordu quruculuğu işi də davam etdirilir, silahlı qüvvələrimizin döyüş qabiliyyəti durmadan artırılır, müasir silah-sursat, texnika ilə təchiz olunurdu. Eləcə də ölkəmizdə hərbi sənaye kompleksinin yaradılması Azərbaycanın hərbi gücünü dəfələrlə yüksəltdi, müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunmağa başlandı. Pis vərdişlərdən və düşüncələrdən uzaq, sağlam ruhda, yalnız Vətənini, dövlətini və xalqını düşünən, torpaqlarını azad etməyi özünün həyat amalına çevirən yeni nəsil gənclər ordusu yetişdi. Azərbaycan gəncləri hərbi xidmətə böyük həvəslə can atır, Ali Baş Komandan cənab İlham Əliyevin “İrəli” əmrini səbirsizliklə gözləyirdilər. Bütün sahələr üzrə dinamik inkişaf edən Azərbaycan, demək olar ki, işğalçı dövlət üzərində tam üstünlüyü təmin etmişdi”, – AHİK sədri bildirib.

“İşğal dövründə, danışıqların aparıldığı vaxtlarda təcavüzkar dövlət hərbi təxribatlara tez-tez əl atır, cəbhəboyu kəndləri atəşə tuturdu, həmişə də layiqli cavabını alırdı. 2020-ci il sentyabrın 27-də baş verən hərbi təxribat isə yenilməz Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə nəticələndi. Proseslər göstərdi ki, cənab Prezident İlham Əliyev Ali Baş Komandan kimi hansı işi nə vaxt və haradan başlamağı, necə idarə etməyi və uğuru necə qazanmağı dərindən bilir. Vətən müharibəsində bütün məqamlar zərgər dəqiqliyi ilə hesablanmışdı. Düşmən və onu müdafiə edən qüvvələr heç gözlərini aça bilmədilər, aciz durumda qaldılar. Xalqımızda Qarabağ eşqi o qədər yüksək idi ki, “İrəli” əmrini alan kimi bir anda səfərbər oldu, hamı müharibəyə kökləndi və ürəklər Ordumuzla bir döyündü. Demək olar ki, hər kəs Qələbə əhval-ruhiyyəsində idi, gənclərimiz isə tam ayaqda. Həmin vaxt xalqımızın nümayiş etdirdiyi həmrəylik, vətənpərvərlik duyğusu bu gün də beynəlxalq ictimaiyyət tərəfindən müzakirə və təqdir olunur. “Dəmir yumruq” əməliyyatının isə dünya tarixində bənzəri yoxdur. Hər bir rayon, qəsəbə, kənd özünəməxsus hərbi taktika ilə azad olunurdu və Ordumuz düşmənin gözləmədiyi yerdən irəliləyirdi. Düşmən tərəfinin ilk gündən dəqiq hesabladığı yalnız bir şey var idi: məğlubiyyət qaçılmazdır. Odur ki, nəinki əsgərləri, hətta zabitləri belə döyüşə girməkdən çəkinir, silahı atıb qaçırdılar. Heç də təsadüfi deyil ki, özlərinin də etiraf etdiyi kimi, 10 mindən artıq fərariləri olub. Bax budur, “Dəmir yumruq” əməliyyatının mahiyyəti”, – Sahib Məmmədov vurğulayıb.

Konfederasiya sədri qeyd edib ki, “Dəmir yumruq” əməliyyatı cəmi 44 gün çəkdi və az itki ilə 30 ilə yaxın müddət ərzində işğal altında olan böyük bir ərazi düşməndən təmizləndi: “Amma nəticələr bununla kifayətlənmir. Birincisi, 200 il idi bu münaqişə öz həllini tapmırdı, təcavüzkar ermənilər fürsət düşən kimi ərazilərimizi özününkiləşdirməyə çalışır, toponimləri dəyişir, etnik təmizləmə aparır və soyqırımı törədirdilər. Vətən müharibəsində düşmənə elə zərbə vuruldu ki, hətta bir də xain xislətlə Azərbaycanla üz-üzə gəlməyəcək tərzdə. Eyni zamanda döyüş meydanında törədilən soyqırımıların qisası misli ilə alındı. İkincisi, Azərbaycan işğalçıların Şərqi Zəngəzurda və Qarabağda törətdiyi vəhşilikləri, barbarlığı dünya ictimaiyyətinə faktlarla təqdim etməklə onların əsl simasını və niyyətini göstərdi. Üçüncüsü, öz evində, sakini olduğu torpaqlarda yaşamaq hüququ əlindən alınmış bir milyondan artıq məcburi köçkünün hüquqları bərpa olundu. Təəssüflər olsun ki, insan hüquqlarından ağızdolusu danışan, yalançı və qərəz dolu hesabatlar hazırlayan təşkilatlar, özünü böyük kimi dünyaya sırıyan dövlətlər nədənsə 30 il bu məsələdən yan keçdilər, bu problemi bir dəfə də olsun dillərinə gətirmədilər. Dördüncüsü, bütün dünya ölkəmizin hərbi qüdrətinə, döyüş taktikasına yaxından bələd oldu. Azərbaycan Ermənistandan fərqli olaraq elə müharibə apardı ki, bir nəfər də dinc sakin öldürülmədi, mülki obyektlər zərər görmədi. Eyni zamanda keçirilən hər bir əməliyyat uğurla nəticələndi. Heç də təsadüfi deyil ki, “Dəmir yumruq” əməliyyatı, o cümlədən Azərbaycanın döyüş təcrübəsi və tətbiq etdiyi taktika dünyanın nüfuzlu hərbi məktəblərində bu gün hərtərəfli öyrənilir. Bundan başqa, xalqımızın həmrəyliyi, cəmiyyətimizin yetkinliyi, gənclərimizin Vətənə məhəbbəti, dövlətə sədaqəti dünyaya məlum oldu. Həmçinin 30 il beynəlxalq hüququn pozulmuş müddəalarının Azərbaycan tərəfindən təkbaşına bərpa edilməsi, bununla ikili standartlara, qərəzli yanaşmalara layiqli cavab verilməsi müharibənin nəticələri sırasındadır”.

AHİK sədri əlavə edib ki, Qarabağda hərbi təxribatlara cavab olaraq 2023-cü ildə yüksək peşəkarlıqla hazırlanan və həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Ordumuzun artan gücünü göstərməklə yanaşı, bilavasitə Vətən müharibəsində qazanılan uğurların davamı idi: “Azərbaycan Qarabağda kök salmış separatizm yuvasını birdəfəlik məhv etməklə dünyanın müxtəlif ərazilərində daim sülh və təhlükəsizliyi təhdid edən, günahsız insanların ölümünə səbəb olan separatçılara böyük dərs verdi. Məhv edilmiş separatizmin nümayəndələri, vaxtı ilə özünü qondarma dövlətin rəhbərliyi hesab edən, əli günahsız insanların qanına bulaşmış qatillər bu gün Azərbaycan məhkəməsi qarşısında cavab verirlər. Ölkəmiz regiona sülh və təhlükəsizlik, yeni inkişaf reallıqları gətirdi və yerləşdiyi coğrafiyanın lideri olduğunu sübut etdi. Aydın görünür ki, bu, haqqın, ədalətin qələbəsidir və dünyanın tərəqqipərvər qüvvələri tərəfindən təqdir olunur. Lakin, təəssüflər olsun ki, bu gün dünyada Azərbaycanın haqq işinə kölgə salanlar, yalan və qərəzli ittiham səsləndirənlər də var. Amma unutmasınlar, 30 illik çirkin planları kimi, bu niyyətləri də mütləq puç olacaq”.

“Azərbaycanın qazandığı uğurların, yaratdığı reallıqların bilavasitə müəllifi tariximizin ən böyük strateqi cənab İlham Əliyevdir. Dövlətimizin başçısı dərin zəkası, siyasi bacarığı, qətiyyətli mövqeyi və yüksək sərkərdəlik məharəti ilə 200 illik münaqişəni xalqımızın qələbəsi ilə həll etməyi bacardı və bizi daha böyük nailiyyətlərə istiqamətləndirdi. Şərqi Zəngəzurun və Qarabağın Baş Memarı həmin ərazilərdə şəhərlər, qəsəbələr, kəndlər inşa edir. Əminik ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin və xalqının daha böyük nailiyyətləri hələ qarşıdadır”, – Sahib Məmmədov fikrini tamamlayıb.