BƏT-nin direktor müavini AHİK-də olub

42

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Beate Andrees Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) olub.

AHİK sədrinin birinci müavini İlyas Əliyev qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Azərbaycan həmkarlar ittifaqları ilə Beynəlxalq Əmək Təşkilatı arasındakı münasibətlərdən söz açan İlyas Əliyev öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun olaraq yenidən quran AHİK-in işçilərin əmək hüquqlarının qorunması, sosial müdafiəsinin gücləndirilməsi, istirahət və asudə vaxtının təşkili istiqamətində mühüm addımlar atdığını deyib.

Münasibətlərimizin əsasının ölkəmizin müstəqillik qazandığı ilk illərdə qurulduğunu xatırladan AHİK sədrinin birinci müavini Azərbaycanın beynəlxalq konvensiyalara fəal qoşulduğunu da diqqətə çatdırıb. Vurğulayıb ki, beynəlxalq əlaqələrin dərinləşdirilməsinə böyük önəm verən AHİK və üzv təşkilatlar beynəlxalq həmkarlar ittifaqları ilə münasibətlərin genişləndirilməsinə xüsusi önəm verir.  Əmin olduğunu bildirib ki, AHİK və BƏT arasında əlaqələr bundan sonra da inkişaf edərək daha da dərinləşəcək.

COP29 tədbirinin önəmindən söz açan İlyas Əliyev iqlim dəyişikliyi ilə mübarizə həmkarlar ittifaqlarının da üzərinə böyük məsuliyyət qoyduğunu və bu işdə birgə əməkdaşlığın vacib olduğunu nəzərə çatdırıb.

BƏT-nin rəsmisi də öz növbəsində qonaqpərvərlik üçün təşəkkürünü bildirərək Azərbaycanda olmaqdan, COP29 tədbirində iştirak etməkdən məmnun olduğunu bildirib.

Beate Andreesi hər iki qurumun təşkilatçılığı ilə iqlim dəyişmələri və ədalətli keçidlə bağlı bu ilin sentyabr ayında təşkil olunan beynəlxalq konfransın əhəmiyyətini xüsusi qeyd edib.

BƏT və AHİK arasında münasibətlərin hazırkı səviyyəsini yüksək dəyərləndirən Beate Andreesi qarşıya qoyulan hədəflərə çatmaq üçün sıx əməkdaşlığın vacibliyinə diqqət çəkib. BƏT rəsmisi həmçinin ölkəmizdə gender bərabərliyi məsələsinə həssaslıqla yanaşıldığını xüsusi vurğulayıb.

Görüşdə digər maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.