Azadlığın dördüncü ili: Bu gün Ağdam Şəhəri Günüdür

3

Bu gün 27 il Ermənistan işğalında olan Ağdam şəhərinin azad edilməsindən 4 il ötür.

2023-cü ildən başlayaraq noyabrın 20-si Azərbaycanda Ağdam Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi ilə bağlıdır. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olundu.

2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ordusu düşmənin təxribatını dəf etmək və Ermənistanın işğalına qoymaq üçün genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən qarışbaqarış azad edildi. Azad olunan hər bir kənd ölkədə döyüş ruhunu gücləndirdi, Qələbəyə inamı daha da artırdı.

Azərbaycan Ordusunun ardıcıl qələbələr qazanması düşməni təşvişə saldı. Erməni hərbçiləri döyüş meydanından qaçmaqla canlarını qurtarmağa çalışdılar. Azərbaycanın işğal olunmuş torpaqlarının böyük hissəsi 44 günlük döyüşlər nəticəsində azadlığına qovuşdu.

Ağdam düşmən tərəfindən bütünlüklə minalandığından və ən möhkəm istehkamlar burada quraşdırıldığından Azərbaycan Ordusu uğurlu hərbi taktika işlədərək bu istiqamətdə geniş döyüş əməliyyatları aparmadı. Amma Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin digər istiqamətlərində həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənin Ağdamdakı qüvvələri yarımmühasirə vəziyyətinə düşdü. Bu da Ermənistan daxilində və bu ölkənin hərbi-siyasi rəhbərliyi arasında böyük çaxnaşmanın yaranmasına səbəb oldu.

Azərbaycan Ordusunun gücü və qüdrətinin qarşısında tab gətirməyin mümkün olmadığını dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur oldu. Beləliklə, 2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarıldı. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edildi, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olaraq orada bayrağımızı ucaltdı.

İşğaldan azad edilmiş digər bölgələrimizdə olduğu kimi, Ağdam rayonunda da geniş quruculuq-abadlıq işləri aparılır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə Ağdama səfər edib, aparılan genişmiqyaslı tikinti və quruculuq işləri ilə yaxından maraqlanıb, yeni yaşayış məntəqələrinin təməlini qoyub.

Azərbaycan xalqı hər il 20 noyabr – Ağdam Şəhəri Gününü böyük qürur və fəxarət hissi ilə qeyd edir.