AHİK və QHT-lərə Dövlət Dəstəyi Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

410

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin nümayəndələri ilə görüş olub.

Görüşdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən genişmiqyaslı işlərdən danışılıb, AHİK və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin həyata keçirdiyi tədbir və layihələr, vətəndaş cəmiyyətinin möhkəmlənməsi istiqamətində atılan addımlardan bəhs edilib, əməkdaşlığın perspektivləri müzakirə olunub.

Konfederasiya sədri Sahib Məmmədov ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin yaradılması və bu aspektdə həmkarlar ittifaqlarının əldə etdiyi uğurlu nəticələri qeyd edib, əsas məqsədin əmək şəraitinin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması, təhlükəsiz iş şəraitinin yaradılması, əmək prosesinə cəlb olunan vətəndaşlarımızın sağlamlıqlarının qorunması, istirahətlərinin və asudə vaxtın təşkili olduğunu diqqətə çatdırıb.

AHİK-in xarici əlaqələrinin genişləndiyi, beynəlxalq həmkarlar ittifaqları və Azərbaycana dost ölkələrin müvafiq qurumları ilə münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb, ölkəmizin beynəlxalq arenada layiqincə təmsil olunması üçün daha səylə çalışılacağı bildirilib.

Konfederasiya sədri AHİK və QHT-lərə Dövlət Dəstəyi Agentliyi arasında əməkdaşlığın vətəndaş cəmiyyətinin daha da inkişafına mühüm töhfə olacağını vurğulayıb.

Görüşdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs edib, eyni zamanda ölkəmizdə QHT-lərin inkişafı istiqamətində dövlət siyasətindən, onların reallaşdırdığı layihələrdən və beynəlxalq əlaqələrindən söz açıb. Bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) QHT-lər də fəal şəkildə hazırlaşır və bu tədbirin yüksək səviyyədə təşkili üçün öz töhfələrini verəcəklər.

Agentliyin rəhbəri AHİK-in işğaldan azad edilmiş ərazilərdə həyata keçirəcəyi humanitar layihələrə də fəal dəstək verməyə hazır olduqlarını bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər istiqamətlər üzrə də fikir mübadiləsi aparılıb, bir daha əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.