Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) oktyabr ayından etibarən “AHİK Könüllüləri” proqramına start verib.
Proqram həmkarlar ittifaqlarının fəaliyyətinin təbliği, nüfuzunun artırılması və sıralarının genişlənməsində faydalı olmaqla yanaşı, həm də gənclərin bilik və bacarıqlarının artırılması, sosiallaşması, peşəkar kadrların hazırlanması üçün fürsət rolunu oynayır.
Proqram çərçivəsində indiyədək məlumatlandırma məqsədilə ölkəmizin nüfuzlu 11 ali təhsil müəssisəsində təqdimatlar təşkil olunub. Tədbirlərə 2500-dən artıq tələbə qatılıb və iştirakçılara proqrama müraciət qaydaları izah edilib, seçim mərhələləri, nəzərdə tutulan könüllülük fəaliyyəti barədə məlumat verilib, suallar cavablandırılıb.
Son məlumata görə, AHİK könüllüsü olmaq üçün müraciət edənlərin sayı 565 nəfərdir. Hazırda proqrama qoşulmaq istəyənlərin seçimi aparılır.
Qeyd edək ki, layihənin şərtlərinə əsasən, proqrama ali təhsil alan və ya məzun olan 18-25 yaş arası Azərbaycan vətəndaşları qatıla bilərlər. Xarici dil biliyi olan və daha əvvəl könüllülük təcrübəsi keçmiş gənclərə üstünlük verilir. Seçimlərdən keçən könüllülər “Stage” və “StagePro” olmaqla iki mərhələdən ibarət proqrama qoşulurlar. Proqramda iştirak hər mərhələ üçün 2 ay nəzərdə tutulur.