12 Noyabr – Azərbaycanda Konstitusiya Günüdür

136

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib və 1995-ci il noyabrın 27-də qüvvəyə minib.

Azərbaycan Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biridir. Ötən 29 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. Bu əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək müasir dövrün tələblərinə uyğunlaşdırılıb.

Azərbaycan Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində əsas baza rolunu oynayır.

Milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti olan Konstitusiyamız etnik, dini, dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən Qarabağ və Şərqi Zəngəzurun erməni işğalından tamamilə azad olunmasından sonra ata-baba yurdundan didərgin salınmış bir milyondan çox soydaşımızın konstitusion hüququnun bərpa edilməsi tarixi Qələbəmizin ən mühüm nəticələrindəndir.

Hazırda 12 Noyabr – Konstitusiya Günü xalqımız tərəfindən böyük sevinc, sonsuz qürur və iftixar hissi ilə qeyd edilir.