“Yaşıl dünya naminə Səhiyyə İşçiləri Həmkarlar İttifaqının strategiyası” mövzusunda tədbir keçirilib

296

Oktyabrın 10-da “Yaşıl dünya naminə Səhiyyə İşçiləri Həmkarlar İttifaqının strategiyası” mövzusunda konfrans keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (SİHİ RK) təşkilatçılığı ilə baş tutan tədbirdə hökumət nümayəndələri, AHİK-ə üzv təşkilatların rəhbərləri və əməkdaşları, iqlim siyasəti üzrə ekspertlər, ekofəallar və səhiyyə işçiləri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi başlayıb.

Konfrans iştirakçılarını salamlayan SİHİ RK-nın sədri Elnara Muradova mövzunun aktuallığından, iqlim dəyişmələrinin səhiyyə sahəsinə təsirlərindən və yaratdığı fəsadlardan danışıb. Bildirib ki, iqlim dəyişmələrinin mənfi təsirlərinə qarşı mübarizədə səhiyyə sektoru mühüm mövqedə dayanır və əsas məqsəd cəmiyyətin sağlamlığının qorunması və iqlim dəyişmələrinə qarşı dayanıqlı səhiyyə sisteminin qurulmasıdır. Onun sözlərinə görə, maarifləndirmə, tədris, profilaktik tədbirlər və təcili tibbi yardım xidmətlərinin gücləndirilməsi kimi bir sıra fəaliyyətlər məqsədlərə nail olmaq üçün ən optimal vasitələrdir.

“Azərbaycan gələn ay COP29-a ev sahibliyi edəcək. Bu təbdir biz səhiyyə işçilərinin də üzərinə məsuliyyət qoyur. Gələcək dünyamız və sağlam gənclik naminə birlikdə və məhsuldar işləməliyik”, – deyə, Elnara Muradova vurğulayıb.

AHİK sədrinin birinci müavini İlyas Əliyev çıxışında Azərbaycanın qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə öndə gedən dövlətlər sırasında olduğunu, “yaşıl enerji” növlərinin yaradılması, habelə təmiz ətraf mühitin ölkəmizdə prioritet təşkil etdiyini bildirib.

Təhlükəsiz iş yerlərinin açılmasına, ekoloji tarazlığın qorunmasına diqqət çəkən AHİK sədrinin birinci müavini mötəbər tədbirlərin yüksək səviyyədə təşkil edilməsində kifayət qədər zəngin təcrübəsi olan Azərbaycanın COP29-a da uğurla ev sahibliyi edəcəyindən əminliyini ifadə edib. Vurğulayıb ki, iqlim dəyişmələri ilə mübarizəyə həsr edilən bu tədbirin nəticələri ekoloji təsirlərin azalmasına və geniş ictimai iştiraka gətirib çıxaracaq.

Həmçinin o, COP29-un həmkarlar ittifaqlarına da iqlim dəyişmələri ilə mübarizəyə öz töhfəsini verməyə geniş imkan yaratdığını vurğulayıb. Qeyd edib ki, uzun illərdir ki, həmkarlar ittifaqları “yasıl” dünya prinsiplərinə əməl olunmasını, beynəlxalq ekoloji təşəbbüsləri, dövlətin qəbul etdiyi öhdəlikləri dəstəkləyir, yaşıl iqtisadiyyata “ədalətli keçid” konsepsiyasını öz gündəliyinə daxil etməklə, müxtəlif tədbirlər həyata keçirir.

Dünyada getdikcə nüfuzu artan Azərbaycanın qlobal məsələlərin həllində səylərini əsirgəmədiyini bildirən səhiyyə nazirinin müavini Rasim İsmayılov ölkəmizin iqlim dəyişmələri ilə mübarizədə də fəal olduğunu vurğulayıb. Onun sözlərinə görə, COP29 kimi mötəbər tədbirin tribunasından Ermənistanın 30 ilə yaxın işğalı nəticəsində Qarabağda və Şərqi Zəngəzurda ekosid və ekoterror törədildiyi barədə səsimizi böyük auditoriyaya çatdıra biləcəyik.

Sonra konfrans “Təmiz ətraf mühit və “Yaşıl artım siyasəti”, “İqlim dəyişmələrinin insan sağlamlığına təsiri, vahid sağlamlıq çərçivəsində epidemioloji analiz”, “İqlim dəyişmələrinin qidaya təsiri və onun insan sağlamlığında rolu”, “Təbii və antropogen amillərin təsirlərinin aradan qaldırılması üçün profilaktik tədbirlər və ictimai maarifləndirilmə işləri” və “İqlim dəyişmələri və psixi sağlamlıq” mövzusunda panel sessiyalarla davam edib. Çıxışçılar iqlim dəyişmələrinin sağlamlığa, qidaya təsiri, səhiyyə sahəsində mövcud təbii və antropen amillərin aradan qaldırılması istiqamətində fikirlərini bildirib, təkliflərini səsləndiriblər.

Tədbirdə həmçinin şəhərdə aparılan təmizlik aksiyaları ilə bağlı fləşmob nümayiş olunub.