Tələbə gənclər “AHİK Könüllüləri” proqramı ilə tanış olublar

485

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sоsial Münasibətlər Akademiyasının tələbələri üçün “AHİK Könüllüləri” proqramının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Akademiyanın prorektoru Nurəngiz Mikayılova ölkəmizdə könüllülük hərəkatının inkişafından, layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, yeni start verilən “AHİK Könüllüləri” proqramı da tələbə-gənclərin ölkənin ictimai-siyasi həyatında iştirakına rəvac verməklə yanaşı, onların təcrübə toplamasında böyük rol oynayacaq.

AHİK sədrinin müşaviri Orxan Ərəbov isə könüllülük hərəkatının ölkəmizdə geniş vüsət aldığını, ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını bildirib, artıq təşkilati xarakter daşıdığını qeyd edib.

“AHİK Könüllüləri” proqramı barədə fikirlərini bölüşən müşavir tələbə gənclərin könüllülük hərəkatına inteqrasiyası məsələsinə toxunub. Onun sözlərinə görə, akademik təhsillə paralel olaraq tələbələrin könüllülük hərəkatında iştirakı cəmiyyətə fayda verməklə yanaşı, onların inkişafına da şərait yaradır. Bildirib ki, proqram və layihələrdə iştirak tələbə gənclərdə hesabatlılıq, məsuliyyət kimi müsbət keyfiyyətlərin formalaşmasında böyük rol oynayır.

Tələbələri bu layihədə fəal iştirak etməyə çağıran Orxan Ərəbov vurğulayıb ki, könüllülük proqramı onların işlə təmin olunmasına dəstək olacaq və sağlam rəqabətə təkan verəcək.

Çıxışlardan sonra “AHİK Könüllüləri” proqramının təqdimatı olub.

Sonda tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, Konfederasiya oktyabrın əvvəlindən “AHİK Könüllüləri” layihəsinə start verib. Könüllülük hərəkatına qoşulmaq istəyən gənclər oktyabrın 30-u saat 18:00-dək https://bit.ly/AHİKkönüllüləri linki vasitəsilə ilk proqrama qoşulmaq üçün müraciət edə bilərlər.