Şanlı tarixin növbəti səhifəsi – Qubadlı azaddır!

181

Bu gün 27 il Ermənistan işğalında olan Qubadlı şəhərinin azad edilməsindən 4 il ötür.
Qubadlı şəhəri Azərbaycan Ordusunun başladığı əks-hücum nəticəsində Vətən müharibəsinin 29-cu günü – 2020-ci il oktyabrın 25-də işğaldan azad edilib. Qubadlı əməliyyatı haqq savaşımızın strateji və ən əhəmiyyətli hərbi uğurlarından biridir.

Azərbaycan Ordusunun əvvəl Cəbrayıl, sonra Zəngilan rayonlarında düşmən qüvvələrinə sarsıdıcı zərbələr vurması Silahlı Qüvvələrimizin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı. Əməliyyat zamanı xeyli canlı qüvvəsi və texnikası məhv edilən Ermənistan ordusunda fərarilik halları çoxaldı, düşmənin döyüş ruhuna sarsıdıcı zərbə vuruldu, qarşı tərəfdə təslimçilik əhval-ruhiyyəsi bir qədər də artdı.

Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncama əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi təsis edilib.

İşğaldan azad edilmiş digər bölgələrimizdə olduğu kimi, Qubadlı rayonunda da geniş quruculuq-abadlıq işləri aparılır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə Qubadlı rayonuna səfər edib, aparılan genişmiqyaslı tikinti və quruculuq işləri ilə yaxından maraqlanıb, yeni yaşayış məntəqələrinin təməlini qoyub.

Xatırladaq ki, Qubadlı şəhəri 31 avqust 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilmişdi. Ermənilər 27 il müddətində Qubadlı şəhərini, rayonun kəndlərini dağıdıb, infrastrukturu sıradan çıxarıb, eləcə də dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara qarşı vandallıq əməlləri törədib, rayonun zəngin təbiətini, flora və faunasını məhv edib, dünyada analoqu olmayan ekoloji terror törədib.