Naxçıvanda Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir təşkil olunub

270

Oktyabrın 7-də Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Naxçıvan Həmkarlar İttifaqları Şurasında (NHİŞ) tədbir keçirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başlayıb.

AHİK-in sədr müavini, NHİŞ-nin sədri Qəzənfər Abdullayev çıxış edərək Ümumdünya Layiqli Əmək Günü münasibətilə ittifaq üzvlərinə təbriklərini çatdırıb. Bildirib ki, layiqli əmək ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial siyasətin tərkib hissəsidir. Bunun nəticəsidir ki, muxtar respublikamızda vətəndaşlar üçün səmərəli məşğulluq, sağlam və layiqli iş yeri, əmək şəraiti yaradılıb. Aparılan işlərin əsas məqsədi hər şeydən əvvəl insan amilinə, insanların rahatlığına yönəlib. Vurğulanıb ki, bundan sonra da Şura hər bir iş yerində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üçün səylə çalışacaq, onların qarşılaşdıqları problem və məsələlərin həlli üçün əsaslı yardım göstərəcəkdir.

Sonra Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının katibi – Əməyin mühafizəsi şöbəsinin müdiri Rəşadət Xudaverdiyev, Şərur rayon birləşmiş həmkarlar ittifaqı komitəsinin sədri Elçin Məmmədov və Sahibkarlıq İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin təlimatçısı Mətləb Mehralıyevin çıxışları dinlənilib. Onlar əməkçilərin iş şəraitinin yaxşılaşdırılmasından, sosial sahədə təşkilat tərəfindən onlara göstərilən maddi və mənəvi dəstəkdən və həyata keçirdikləri tədbirlərdən danışıblar.

Sonda Şuranın sədri Qəzənfər Abdullayev işçilərin layiqli əməklə təmin olunması ilə bağlı quruma üzv olan muxtar respublika, şəhər və rayon komitələrinə və sahə həmkarlar ittifaqlarına tapşırıq və tövsiyələrini verib.