“Gənclik İnnovasiya Forumu: Yeni Perspektivlər” layihəsinin təqdimatı olub

216

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasının (ƏSMA) 4-cü kurs tələbəsi Zəhra Əhmədzadənin “Gənclik İnnovasiya Forumu: Yeni Perspektivlər” layihəsinin təqdimatı keçirilib.

Tədbirdə ATİAHİ RK sədrinin müavini Mirzə Cəfərzadə, ali təhsil müəssisələrində fəaliyyət göstərən tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və fəalları iştirak ediblər.

Mirzə Cəfərzadə layihə barədə məlumat verib. Bildirib ki, ATİAHİ RK yeni təşəbbüs və layihələrin, o cümlədən tələbələrin problemlərinin həllinə yönəlmiş layihələrin dəstəklənməsində maraqlıdır. Onun sözlərinə görə, layihənin məqsədi gənclərin bilik və bacarıqlarının artırılması, onların startap ekosistemində fəal iştirakının dəstəklənməsidir.
Sonra Zəhra Əhmədzadə layihə ilə bağlı təqdimat edib. Qeyd edək ki, layihədə Azərbaycan universitetlərinin tələbə həmkarlar ittifaqı komitələrinin fəal iştirakı və birgə əməkdaşlığı ilə geniş işçi komandalarının yaradılması nəzərdə tutulur. Bu komandalar tələbələrin müxtəlif sahələrdə bilik və bacarıqlarını inkişaf etdirmək, startap və innovasiya layihələrində gənclərin daha aktiv iştirakını təmin etmək üçün təşkil olunacaqdır. Həmçinin müxtəlif universitetlərin tələbə həmkarlar ittifaqı komitələri arasında sıx əlaqələrin qurulması və ümumi məqsədlərə nail olmaq üçün qarşılıqlı dəstək mexanizmlərinin formalaşdırılması vacib hesab edilir.

Layihə çərçivəsində yaradılacaq işçi komandaları, gənclərin müxtəlif mövzularda müzakirələr aparmasını, praktiki bacarıqlarını təkmilləşdirməsini və real layihələr üzərində işlərini təmin edəcəkdir. Eləcə də bu komandaların gələcək startap layihələrində müvəffəqiyyət qazanması üçün mentor dəstəyi və təlim proqramlarının həyata keçirilməsi planlaşdırılır.

Təqdimatdan sonra layihə ilə bağlı müzakirələr aparılıb və iştirakçıların fikir və təklifləri dinlənilib.