Bu gün Cəbrayıl Şəhəri Günüdür

219

2020-ci il 27 sentyabr tarixində başlayan və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazandığımız 44 günlük Vətən müharibəsinin gedişində Cəbrayıl şəhərinin işğaldan azad olunması Qarabağ dastanının parlaq səhifəsidir.

Növbəti qələbələrimiz geniş yol açan uğurlu Cəbrayıl əməliyyatı düşmən cəbhəsində ruh düşkünlüyünə səbəb oldu, əsgər və zabitlərimizə isə psixoloji üstünlük qazandırdı. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün imkanlar yarandı. Həmçinin Zəngilan, ardınca Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Bir sözlə, Cəbrayıl döyüşü Azərbaycan Ordusunun qəhrəmanlığı ilə şərəf tariximizə öz şanlı möhürünü vurdu.

Bu gün Cəbrayıla həyat yenidən qayıdır, nəqliyyat və kommunikasiya xətləri çəkilir, infrastruktur qurulur, yaşayış binaları, evlər tikilir, zavodlar, fabriklər açılır. Dövlətimizin başçısı cənab İlham Əliyev Cəbrayıl rayonuna dəfələrlə səfər edib və hər səfərində rayonda aparılan tikinti və quruculuq işləri ilə yaxından maraqlanıb, müəssisələrin, yaşayış məntəqələrinin açılışlarını edib.

Ölkəmizin başçısı oktyabrın 3-də Cəbrayılda olarkən “Karabakh Stone” və “Prestij-Kimya” MMC-nin zavodlarının, “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabriki və digər sənaye müəssisələrinin təməlini qoyub. Həmçinin Prezidentimiz 960 şagird yerlik tam orta məktəbin açılışını edib.

Doğma sakinlərini fərəhlə qarşılayan Cəbrayıla artıq bir neçə mərhələdə 2251 ailə qayıdıb. İnanırıq ki, digər azad edilmiş rayonlarla bərabər, Cəbrayılda da işğalın fəsadları aradan qaldırılacaq, əvvəlkindən də gözəl görkəm alacaq və ölkəmizin inkişafına töhfələr verəcək.