Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (AzNQSİHİRK) və İdustriALL Qlobal İttifaqının birgə təşkilatçılığı ilə bu il noyabr ayında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş onlayn iclas keçirilib.
Tədbiri açıq elan edən İndustriALL-in enerji və sürətli keçid sahəsi üzrə direktoru Diana Junquera COP-29-la baglı ətraflı məlumat verib.
AzNQSİHİRK-nin sədri Cahangir Əliyev Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi etməsində böyük təcrübəyə malik olduğunu qeyd edib. Belə tədbirlərin təşkilinin önəmini diqqətə çatdıran Respublika Komitəsinin sədri sentyabrın 26-27-də Bakı şəhərinin “İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri” mövzusunda beynəlxalq konfransa ev sahibliyi etdiyini xatırladıb.
Sonra tədbirdə İndustriALL-un baş katibinin müavini Kemal Özkan və digərləri çıxış edərək gələcəkdə bizi gözləyən təhlükələrdən və onlardan necə qorunmağın yolları haqqında danışıblar.
Tədbirdə həmçinin həmkarlar ittifaqlarının COP29 və yaşıl enerji sahəsi ilə bağlı məsələlərə həssaslıqla yanaşıldığı bildirilib. Eyni zamanda iqlim dəyişmələri ilə mübarizədə hökumət qurumları ilə yanaşı, cəmiyyət, ictimai qurumlar da bu problemin həllində fəal iştirakının vacibliyi vurğulanıb.