AMEA-da “Siyasi varislikdən siyasi liderliyə: Tarixi zəfərin memarı” mövzusunda tədbir təşkil olunub

176

AMEA Azad Həmkarlar İttifaqının (AHİ) təşkilatçılığı ilə “Siyasi varislikdən siyasi liderliyə: Tarixi zəfərin memarı” mövzusunda tədbir keçirilib.

Tədbirdə AMEA prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları, AMEA-nın Azad Həmkarlar İttifaqının rəhbərliyi və aparatının işçiləri, elmi müəssisə və təşkilatların həmkarlar ittifaqlarının nümayəndələri, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının, AMEA-nın Qadınlar Şurasının və YAP ərazi partiya təşkilatlarının fəalları iştirak ediblər.

Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan akademik İsa Həbibbəyli 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində qalib gələn və xalqına ləyaqətlə xidmət edəcəyinə and içmiş cənab Prezident İlham Əliyevin ötən 21 il ərzində böyük tarixi uğurlara imza atdığını bildirib. Dövlətimizin başçısının yüksək idarəetmə bacarığı ilə ölkəmizdə cəmiyyət həyatının bütün sahələrinin sürətlə inkişaf etdiyini deyən AMEA-nın prezidenti Azərbaycanın liderinin və dövlətinin beynəlxalq arenada söz sahibinə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, ölkəmizin cari ilin noyabr ayında COP29 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi Azərbaycan Prezidentinin müdrik və uzaqgörən siyasətinin nəticəsidir.

Sonra çıxış edənlər – AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçiləri Xanımağa İsmayılova və Hafizə İmanova Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanın yeni inkişaf yoluna qədəm qoyduğunu, dövlətçilik və inkişaf siyasətinin Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər. Yürüdülən müdrik siyasət nəticəsində Zəfərimizlə torpaqlarımızın işğaldan azad edildiyini, ərazi bütövlüyümüzün bərpa edildiyini qeyd edən natiqlər xalqın öz Liderinə etimadının tam olduğunu vurğulayıblar.

Bildirilib ki, bütün xalq kimi, alimlərimiz də cənab Prezidentin ətrafında sıx birləşiblər və dövlətimizin başçısını bundan sonra da dəstəkləməkdə davam edəcəklər.