Astanada keçirilən Beynəlxalq Gənclər Forumunda AHİK-in gənclərə dəstəyindən bəhs edilib

244

Qazaxıstanın paytaxtı Astana şəhərində “Əməyin təkamülü: İqlim, bacarıqlar, kod” mövzusunda Beynəlxalq İşçi Peşələri Gənclər Forumu təşkil olunub.

Forumda Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Tacikistan və Özbəkistandan 28 peşə üzrə nümayəndələr iştirak ediblər.

Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası tərəfindən “Keleshek camp” gənclər güşərgəsi formatında təşkil edilən tədbir gənc işçilərin əməyinin gələcəyinə, qeyri-rəsmi iş yerləri ilə mübarizə və bu sahədə müxtəlif ölkələrin təcrübələrinin öyrənilməsinə həsr edilib.

Forumda çıxış edən Qazaxıstan Respublikası Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin qeyri-rəsmi iş yerlərinin fəsadlarından, ölkələrin iqtisadiyyatına vurduğu ziyandan danışıb, belə hallarla mübarizənin önəminə diqqət çəkib.

Forumda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Pan-Avropa Regional Şurasının baş məsləhətçisi Goda Neverauskaytenin tədbir iştirakçılarına qlobal dəyişikliklər şəraitində gənclərin hüquqlarının qorunmasında həmkarlar ittifaqlarının rolu barədə videomüraciəti səsləndirilib.

Sonra müxtəlif ölkələrdən tədbirə qatılan nümayəndələrin çıxışları dinlənilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin beynəlxalq məsələlər üzrə müşaviri Fuad Ələkbərov ölkəmizdə həmkarlar ittifaqlarının mövzu üzrə təcrübəsindən danışıb və bildirib ki, AHİK gənclərin rəqabət qabiliyyətinin artırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində hər cür dəstəyi verir.

Forumun sonunda yekun qətnamə qəbul edilib. Qətnamədə gənclərin layiqli iş şəraitinin və sosial müdafiəsinin təmin edilməsi üçün əsas müddəalar öz əksini tapıb. Bu, gənclər arasında layiqli əmək prinsiplərinin təşviqi, peşə seçimində onlara dəstək, ədalətli keçid dövründə beynəlxalq standartlara uyğun dayanıqlı iş yerlərinin yaradılması üçün dövlət orqanları və işəgötürənlərlə əməkdaşlığı özündə əks etdirir.