Oktyabrın 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Gənclər Şurasının 2024-cü ildə ilk iclası keçirilib.
AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunan tədbirdə Konfederasiyaya üzv və tabe təşkilatların gənclər şuralarının rəhbərləri iştirak ediblər.
Tədbirdə AHİK-in Gənclər Şurasının müvafiq dövr üzrə hesabatı dinlənilib, cari fəaliyyəti təhlil edilib.
AHİK-in Gənclər Şurasının sədri Qara Ağayev gənclərimizə dövlət qayğısından danışıb, gənc kadrların dövlət qurumlarında və müəssisələrində işə cəlb edilməsi, onların ictimai, qərarvermə və əmək fəaliyyətində fəal iştirakının diqqətdə saxlanıldığını bildirib.
AHİK-in dövlətimizin gənclər siyasətinə fəal dəstək prosesində iştirakının vacibliyini vurğulayan Qara Ağayev həmkarlar ittifaqı üzvlərinin təqribi 30 faizini gənclər təşkil etdiyini bildirib.
Gənclər Şurasının sədri gənclərin peşəkarlığının artırılması istiqamətində həyata keçirilən layihələrdən bəhs edib. Bildirib ki, bu prosesdə məqsəd gənclərin potensialının artırılması, onların təmsilçilik imkanlarının genişləndirilməsi və həmkarlar ittifaqları çərçivəsində daha fəal rol almalarına şərait yaratmaqdır.
AHİK-in Gənclər Şurasını qarşıda yeni layihələr gözlədiyini vurğulayan şuranın sədri gənclərimizin həmkarlar ittifaqları daxilində əhəmiyyətli səsə malik olması və ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində şuranın qarşısında yeni çağırışlar olduğunu bildirib.
İclasda iştirak edən AHİK sədrinin müşaviri Orxan Ərəbov dövlət quruculuğu prosesində və ölkənin ictimai həyatında gənclərin roluna toxunub. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib və gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsində, dövlətçilik ənənələrinə sadiq olmasının, onların ictimai həyatda fəallığının önəmini vurğulayıb.
Bildirib ki, hazırkı məqamda gənclərdən yeni yanaşma tələb olunur, onların ideya və təkliflərlə çıxış etməsi ümumi işin müasir çağırışlara uyğun aparılması üçün çox vacibdir. Onun sözlərinə görə, sağlam rəqabət, məntiqi addımlar, aktual meyarlar inkişafa təkamül verir. O, şura üzvlərini fəaliyyət müddətində yeni təkliflərlə çıxış etməyə çağırıb.
Sonda gənclərin təklifləri dinlənilib, perspektiv inkişaf istiqamətləri müzakirə olunub. Eyni zamanda həmkarlar hərəkatı ekosistemində Gənclər Şurasının funksionallığının və cəlbediciliyinin artırılması sahəsində qarşıda duran yeni vəzifələr barədə məlumat verilib.