AHİK-də tələbə gənclərlə görüş baş tutub

391

Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasında (AHİK) ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının fəal tələbələri və həmkarlar ittifaqlarının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə gənclərə AHİK-in üzv təşkilatı Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqı (FHNİHİ) tərəfindən hazırlanmış “İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitab da təqdim edilib.

Tədbirdə çıxış edən FHNİHİ sədri Mehman İsmayılov gənclərə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə qazandığımız Zəfərdən söhbət açıb. Bildirib ki, Azərbaycan xalqı Vətən müharibəsində 3 – döyüş meydanı, diplomatiya və informasiya istiqamətdində mübarizə aparırdı. Onun sözlərinə görə, Prezident İlham Əliyevin yürütdüyü düzgün və preventiv siyasət nəticəsində biz haqq səsimizi dünyaya çatdıra bildik və aparıcı qüvvələr Azərbaycanın bu mübarizədə haqlı olduğunu qəbul etməli oldular.

Mehman İsmayılov Azərbaycan Prezidentinin həmin dövrdə dünyanın 11 aparıcı ölkəsinin 26 mediasına müsahibə verdiyini xatırladaraq jurnalistlərin suallarını faktlar əsasında, haqlı mövqeyimizi layiqincə müdafiə edərək cavablandırdığını bildirib.

Ölkəmizə qarşı revanşist meyllərin, təzyiqlərin hələ də olduğunu diqqətə çatdıran FHNİHİ RK sədri gəncləri Prezidentimizin ətrafında daha sıx birləşməyə və həmrəyliyə çağırıb. İnformasiya müharibəsinin aktuallığını itirmədiyini də qeyd edən sədr tələbələrə daha fəal olmağı tövsiyə edib. O həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə sıx əməkdaşlığın önəmini vurğulayıb.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədri Araz Paşayev və AHİK sədrinin müşaviri Orxan Ərəbov kitabın tariximizi dərindən bilmək baxımından önəmini qeyd ediblər. Yeni dövrdə yeni çağırışlar fonunda gənclərin Azərbaycan haqq səsinin dünyaya çatdırılması və təbliği istiqamətində fəal olmalarının vacibliyi vurğulanıb. Bildirilib ki, Vətənin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizə haqqımızı ödəmək hər kəsin, eləcə də gənclərimizin borcudur. Diqqətə çatdırılıb ki, ictimai hadisələrdə fəal olmaq üçün hər bir gəncdən vətənpərvərlik və öz üzərində yetərincə işləmək tələb olunur.

Sonra çıxış edən tələbələr dəyərli kitaba, tövsiyələrə görə, minnətdarlıqlarını ifadə ediblər və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında fəal olacaqlarını bildiriblər.

Məlumat üçün qeyd edək ki, “İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitab 3 dildə – azərbaycan, rus və ingilis dillərində çap edilib.