Mədəniyyət Nazirliyinin nümayəndələri AHİK-də olublar

563

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Mədəniyyət Nazirliyinin teatr və konsert müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Görüşdə AHİK ilə Mədəniyyət Nazirliyi arasında əməkdaşlıqdan, həyata keçirilən birgə layihələrdən danışılıb, gələcək planlar müzakirə edilib.

Bildirilib ki, Azərbaycan həmkarlar ittifaqlarının bayram və əlamətdar günlərdə teatr və digər mədəniyyət mərkəzləri ilə birgə keçirdiyi tədbirlərlə bağlı təhlillər aparılır. Məqsəd uşaqlar üçün nəzərdə tutulan şənliklərin, bayram tədbirlərinin daha yaxşı təşkil edilməsi, işin keyfiyyətinin artırılması, xüsusilə körpə balaların məmnunluğunun təmin edilməsidir.

Şənliklərin keçirildiyi məkanların bu məsələdə önəmini qeyd edən Konfederasiya sədri Sahib Məmmədov tədbirin bədii tərtibat hissəsində xüsusilə milli ruhlu elementlərə, vətənpərvərlik mövzusunda musiqilərə, şeirlərə üstünlük verilməsinin vacibliyini bildirib. O, uşaqların asudə vaxtının mənalı təşkili ilə yanaşı, onların tərbiyəsinin də diqqətdə saxlanılmasının önəmini qeyd edib.

AHİK sədri şənliklərdə uşaqlara verilən hədiyyə qutularına məntiqi formalaşdıran, düşüncə və sürətli zehni inkişaf etdirən oyuncaqların qoyulmasının məqsədəuyğun olduğunu söyləyib.

Görüşdə həmçinin bayram şənliklərinin respublikamızın iri şəhərləri ilə yanaşı, regionlarda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə də təşkilinin planlaşdırıldığı deyilib. Bu işlərdə şəffaflığın təmin edilməsi üçün AHİK və üzv təşkilatların nümayəndələrindən ibarət komissiyanın yaradıldığı da diqqətə çatdırılıb.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova isə çıxışında uşaqlar üçün keçirilən bu cür tədbirlərdə yeni mütərəqqi yanaşmaların tətbiqinin vacibliyini vurğulayıb,  təşkilati məsələlərdə mexanizmlərin təkmilləşdirilməsinin önəminə diqqət çəkib.

Tədbirdə həmçinin geniş fikir mübadiləsi aparılıb, teatr və konsert müəssisələri rəhbərlərinin, eləcə də həmkarlar ittifaqı nümayəndələrinin təklifləri dinlənilib, görüləcək birgə işlər müzakirə olunub.