Xüsusi qayğıya ehtiyacı olan uşaqlara növbəti dəstək göstərilib

189

Sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Naxçıvan Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı  ilə aztəminatlı, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlara məktəbli geyimləri, çantalar və ayaqqabılar təqdim olunub.

Tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova çıxış edərək bildirib ki, muxtar respublikada yaşayan bütün uşaqlar kimi xüsusi kateqoriyadan olan uşaqlar da dövlətin diqqət və qayğısı ilə əhatə ediliblər.

Daha sonra Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədr müavini Xatirə İbrahimli çıxış edərək vurğulayıb ki, Naxçıvan Həmkarlar İttifaqları Şurası da bütün kateqoriyalardan olan uşaqlar kimi, sosial qayğıya ehtiyacı olan uşaqların sağlam, Vətənə layiqli övlad kimi yetişməsinə diqqətlə yanaşır, onlarla bağlı həyata keçirilən layihələrdə yaxından iştirak edir.

Sonda təşkilatçılar tərəfindən aztəminatlı, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 40 məktəbli uşağa məktəbli geyimləri, çantalar və ayaqqabılar təqdim olunub.

Tədbirdə iştirak edən valideynlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.