18 sentyabr Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyinin açılışının 30-cu ildönümüdür.
Bu münasibətlə sentyabrın 19-da Niyazinin Mənzil Muzeyində təntənəli tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Bakı Musiqi Akademiyasının, Bəstəkarlar İttifaqının nümayəndələri, Bakı muzeylərinin direktorları və əməkdaşları, Bakı şəhərinin musiqi ictimaiyyəti iştirak ediblər. Öncə iştirakçılar foyedə hazırlanmış “Muzeyin tarixindən” adlı fotosərgi ilə tanış olublar.
Tədbir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1994-cü il sentyabr ayının 18-də muzeyin açılışındakı nitqinin videoyazısı ilə başlayıb.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova giriş sözü ilə çıxış edib. Niyazinin Mənzil Muzeyinin müdiri Rza Bayramov isə muzeyin fəaliyyət göstərdiyi illər ərzində görülən işlər, əldə olunan nailiyyətlər haqqında danışıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (MİHİ RK) sədri Adil Atakişiyev muzeyin həmkarlar ittifaqı üzvlərini yubiley münasibətilə təbrik edib, muzeyin rəhbərliyini və bir sıra əməkdaşlarını fəxri fərman və pul mükafatı ilə təltif edib.
Tədbir bədii hissə ilə davam edib.