“İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri” mövzusunda keçirilən beynəlxalq konfrans başa çatıb

343

Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Beynəlxalq Əmək Təşkilatı (BƏT-ACTRAV), Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) və Pan-Avropa Regional Şurasının (PARŞ) birgə təşkilatçılığı ilə “İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri” mövzusunda keçirilən beynəlxalq konfrans sentyabrın 27-də də panel müzakirələrlə davam edib.

Öncə COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarainin videomüraciəti dinlənilib.

Konfransda COP29 – Ambisiyaların artırılması və fəaliyyətə təkan verilməsi, Qafqaz və Orta Asiyada ədalətli keçid, Ədalətli keçiddə sosial müdafiə, Ədalətli keçiddə gender və gənclərin rolu, COP29 üçün həmkarlar ittifaqlarının prioritetlərinə dair debatlar mövzusunda panel sessiyalar keçirilib. Həmçinin iqlim danışıqlarında həmkarlar ittifaqlarının iştirakını artırmaq üçün fəaliyyət planları və strategiyaların hazırlanması istiqamətində interaktiv sessiyalar təşkil olunub, müxtəlif tərəflər arasında əməkdaşlıq üçün görüşlər baş tutub.

Qeyd edək ki, konfrans iştirakçıları Anım Günü ilə əlaqədar saat 12-də Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

Bağlanış sessiyasından sonra Danimarka Həmkarlar İttifaqları İnkişafı Agentliyi ilə Beynəlxalq Əmək Təşkilatının İşçilərin fəaliyyəti bürosunun birgə nəşri olan “İqlim dəyişmələri və ədalətli keçid – həmkarlar ittifaqları üçün bələdçi (2024-cü il)” kitabının təqdimatı olub.