Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun Bilik Günü münasibətilə təbriki

278

Təbrikdə deyilir:

15 Sentyabr – Bilik Günü münasibətilə bütün şagirdləri, tələbələri və onların yetişməsində ömürlərini xərcləyən əziz müəllimlərimizi ürəkdən təbrik edirəm. Qədəm qoyduğunuz növbəti tədris ili Sizlərə daha böyük uğurlar gətirsin və nailiyyətlər qazandırsın. Eləcə də qürur yerimiz olan işğaldan azad edilmiş Şərqi Zəngəzurda və Qarabağda məktəbə gedəcək bütün şagirdlərə, həmçinin bu tədris ilində ilk dəfə fəaliyyətə başlayan Qarabağ Universitetində ali təhsil alacaq tələbələrə müvəffəqiyyətlər arzulayıram.
Bildiyimiz kimi, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı və səmərəli təhsil islahatları, inklüziv təhsilin tətbiqi nəticəsində təlim-tədris prosesi daha da yaxşılaşıb, ölkəmizdə milli və ümumbəşəri dəyərlərə, yeni dövrün tələblərinə və mütərəqqi beynəlxalq standartlara cavab verən müasir təhsil sistemi formalaşıb. Həmçinin uşaqların və gənclərin təhsilə olan istəklərinin artırılması, istedadlı və bacarıqlı təhsilalanların müəyyən edilməsi və onların inkişafı üçün münbit şərait yaradılıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da fəaliyyətinin mərkəzində məhz təhsil öncül yer tutur. Bilavasitə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı sayəsində ölkəmizdə minlərlə təhsil müəssisəsi əsaslı təmir olunub və yeniləri tikilib. Görülən işlərin nəticəsidir ki, ölkəmizdə sərbəst və yaradıcı düşünən, geniş dünyagörüşünə sahib, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü, vətənpərvər və azərbaycançılıq ideyalarına sadiq vətəndaşlar yetişir.
İnanıram ki, həm şagirdlər, həm tələbələr, xüsusən də bu tədris ilində ilk dəfə məktəbə gedəcək birincilər bu imkanlardan yararlanaraq tədris olunan fənləri daha dərindən mənimsəyəcək, biliklərini artıracaq və bacarıqlarını layiqincə nümayiş etdirəcəklər.

Bayramınız mübarək olsun!