AHİK sədri Sahib Məmmədov türkiyəli həmkarı ilə görüşüb

745

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ölkəmizdə səfərdə olan Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) sədri, Türkiyənin İşçi Həmkarlar İttifaqı Təşkilatları Konfederasiyasının (TÜRK-İŞ) rəhbəri Ərgün Atalayla görüşüb.

Görüşdə Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən, bütün sahələr üzrə davamlı olaraq inkişaf edən əməkdaşlıqdan, göstərilən qarşılıqlı dəstəkdən, həmçinin ölkələrimizin həmkarlar ittifaqları arasında mövcud olan əlaqələrdən danışılıb.

AHİK sədri Sahib Məmmədov dünyada nümunəyə çevrilən iki ölkənin münasibətlərinin bu səviyyə çatmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın xüsusi xidmətlərini və şəxsi dostluqlarını qeyd edib. Bildirib ki, Şuşa Bəyannaməsi ilə daha da möhkəmlənən əlaqələrimiz tarixin sınaqlarından keçib və təmənnasız qardaşlığa əsaslanıb. Sahib Məmmədov 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi mənəvi-siyasi dəstəyi xüsusilə vurğulayıb və bildirib ki, baş verən zəlzələ və meşə yanğınları zamanı Azərbaycan da öz qardaşının yanında oldu. Eyni zamanda AHİK sədri iki ölkənin həmkarlar ittifaqları arasında münasibətlərdən də söz açıb. Qeyd edib ki, təşkil olunan qarşılıqlı səfərlər, aparılan fikir və təcrübə mübadilələri səmərəli fəaliyyətimizə kömək edir, dostluğumuzu daha da gücləndirir.

Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının yaradılmasını tarixi hadisə adlandıran Konfederasiya sədri vurğulayıb ki, qurum effektiv fəaliyyəti ilə üzvlərinin etimadını layiqincə doğruldacaq.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən TÜRK-İŞ-nin sədri Ərgün Atalay AHİK-in təşkilatçılığı ilə Bakıda keçirilən “İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri” mövzusunda beynəlxalq konfransa dəvət etdiyinə görə, Sahib Məmmədova təşəkkür edib. Bildirib ki, konfransda iştirak, aparılan müzakirələr, irəli sürülən təşəbbüslər və əldə olunan nəticələr onlar üçün “yaşıl iqtisadiyyat”a keçid prosesində xeyli faydalı olacaq. Ərgün Atalay həmçinin hər iki ölkənin həmkarlar ittifaqları arasında əlaqələri yüksək qiymətləndirib, amma bununla kifayətlənməyəcəklərini, birgə səylərlə əməkdaşlığı daha da genişləndirməyə çalışacaqlarını deyib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.