AHİK sədri Sahib Məmmədov “Naftalan” Kurort Birliyində olub, mövcud vəziyyətlə maraqlanıb

656

Sentyabrın 13-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhər ərazisində yerləşən AHİK-in “Naftalan” Kurort Birliyinə aid sanatoriyalara, obyektlərə və torpaq sahələrinə baxış keçiriblər.

Baxışdan öncə AHİK sədri Sahib Məmmədov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhərin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra “Azərbaycan” sanatoriyasına gələn Sahib Məmmədov burada görülmüş təmir-tikinti işləri ilə maraqlanıb.

Bildirilib ki, sanatoriyada əsaslı təmir-bərpa işləri bu günə kimi davam etdirilib. Burada ikimərtəbəli 145 yerlik yataq binası və Naftalan vannası ilə müalicənin təşkil olunacağı korpusun istifadəyə verilməsi nəzərdə tutulur. Qeyd olunub ki, bu məkana yollayış alacaq ittifaq üzvlərinin məmnunluğunu tam təmin etmək üçün hər cür şərait yaradılacaq. Belə ki, sanatoriya müasir avadanlıqlarla təchiz ediləcək, göstərilən xidmətlərdə qabaqcıl beynəlxalq təcrübə və tələblər əsas götürüləcək, idarəetmədə mütərəqqi üsullardan istifadə olunacaq və bura bir çox xəstəliklərin müalicəsi üçün modern sağlamlıq-profilaktik müəssisəyə çevriləcək.

Həmçinin sanatoriyanın ərazisi yaşıllaşdırılacaq, o cümlədən iqlimə və relyefə uyğun müxtəlif növ ağaclar, dekorativ gül-çiçək kolları əkiləcək. Habelə sanatoriyada yerli sakinlərin işlə təmin olunması məşğulluğa mühüm töhfə vermiş olacaq.
Konfederasiya sədri Birliyə aid digər obyektlərə, o cümlədən yarımtikili vəziyyətdə olan “Ana-uşaq” sanatoriyasına və mehmanxanaya, həmçinin poliklinika binasına baş çəkib, ərazidəki avtomobil parkının və qazanxananın vəziyyəti ilə maraqlanıb.

AHİK sədri Sahib Məmmədov “Naftalan” Kurort Birliyinin Goranboy rayonunun Goran qəsəbəsində yerləşən Təmir-tikinti idarəsinin inzibati binasına və ərazisinə də baxış keçirib.
Görülmüş işlərlə tanışlıqdan sonra AHİK sədri bir sıra tapşırıq və tövsiyələrini verib.