AHİK sədri Sahib Məmmədov BHİK Baş katibinin müavini Erik Manzi ilə görüşüb

401

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov ölkəmizdə səfərdə olan Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Baş katibinin müavini Erik Manzi ilə görüşüb.

Görüşdə Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən söz açan AHİK sədri ölkəmizdə əmək hüquqlarının qorunması, layiqli iş şəraitinin yaradılması və əməyin mühafizəsi sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb, qarşıda duran vəzifələri qeyd edib.

Konfederasiya sədri həmçinin BHİK-nın bəyannamələrinin, qəbul etdiyi qərarların, habelə tapşırıq və tövsiyələrinin Azərbaycan həmkarlar ittifaqları üçün önəmini və iki qurum arasında əməkdaşlığın qənaətbəxş səviyyədə olduğunu qeyd edib.

O eyni zamanda BHİK-nın keçirdiyi bütün tədbirlərdə AHİK nümayəndələrinin iştirakını və irəli sürdükləri təşəbbüslərin maraqla qarşılandığını və dəstəkləndiyini bildirib.

BHİK ilə münasibətlərin daha da genişləndirilməsinin AHİK-in prioritetləri arasında olduğunu deyən Sahib Məmmədov bu istiqamətdə fəal iş aparılacağını da vurğulayıb.

Görüş üçün təşəkkür edən BHİK Baş katibinin müavini Erik Manzi iqlim dəyişmələrinin dünyada ən böyük çağırışlardan biri olduğunu bildirib və bunun işçilərə mənfi təsirlərini azaltmaq üçün görülən işlərdə Bakıda keçirilən “İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri” mövzusunda beynəlxalq konfransın mühüm rolu olacağını söyləyib.

Qonaq BHİK və onun regional qurumları, eləcə də üzv təşkilatların fəaliyyətindən danışıb, qarşıda duran əsas proqram və fəaliyyət planı barədə məlumat verib. Erik Manzi habelə AHİK və BHİK arasında münasibətlərin səviyyəsini yüksək qiymətləndirib və bildirib ki, sədrlik etdiyiniz təşkilat beynəlxalq həmkarlar ittifaqlarında fəal təmsil olunur. O eyni zamanda əmək bazarında bərabərlik, iqlim dəyişmələri, ədalətli iqtisadiyyata keçid və digər aktual istiqamətlərdə AHİK-in fəaliyyətini müsbət dəyərləndirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.