AHİK-in üzv təşkilatı GİHİB Sumqayıt gömrük idarəsində tədbir keçirib

291

Sentyabrın 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi (GİHİB) “İşçilərin sosial rifahının yaxşılaşdırılması yönündə Birlik tərəfindən görülən işlər” mövzusunda  tədbir keçirib.

Dövlət Gömrük Komitəsinin Sumqayıt  gömrük idarəsində baş tutan tədbirdə Birliyin sədr müavini Asəf Ağayev təşkilatın fəaliyyəti, qurumun təsis olunduğu gündən görülən işlər, üzvlərin asudə vaxtının səmərəli təşkili üçün atılan addımlar barədə iştirakçılara məlumat verib. O, avqustun 13-də  Dövlət Gömrük Komitəsi və GİHİB arasında bağlanan Sahə Tarif Kollektiv Sazişi barədə danışıb. Qeyd edib ki, Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin nəzdində üzvlərin müraciətlərinə operativ cavablandırma və müsbət yöndə həlli üçün 25 ilk təşkilat yaradılıb.

Sədr müavini  8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanım üzvlərə, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə işçilərin uşaqlarına hədiyyələr alınması, Dövlət Gömrük Komitəsinin Akademiyasında məzun gününün təşkili, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Komitənin nəzərdə tutulmuş layihələrinin təşkilində aktiv iştirak, gömrük sahəsində çalışan  sürücülərin peşə vərdişlərinin, bilik və bacarıqlarının artırılması və onların əməyinin qiymətləndirilməsi məqsədilə “Peşəkar sürücü səriştə turnirinin” təşkili və s. barədə hesabat xarakterli çıxış edib.

Həmkarlar ittifaqının fəaliyyətində xidmət keyfiyyətinin artırılması və üzvlərin tələb təkliflərinin nəzərə alınması yönündə işlərin aparıldığı və Birliyin əsas məqsədinin yeni layihələrlə üzvlərin rifah halının yaxşılaşdırılmasından ibarət olduğu qeyd edilib. Bildirilib ki, yaxın zamanda Komitənin rəsmi tətbiqində qurumun həmkarlar təşkilatının fəaliyyəti ilə bağlı sorğu yerləşdiriləcək. Anonim aparılacaq sorğuda üzvlər müstəqil şəkildə həmkarların gördüyü işlərə münasibət bildirəcək, fəaliyyət istiqamətləri ilə bağlı öz təkliflərini verəcək, əgər hotel və sanatoriyalara yollayış əldə edibsə, xidmət keyfiyyəti barədə təklif və iradlarını qeyd edəcəklər. Sorğunun nəticələri əsasında göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi yönündə müvafiq addımlar atılacaqdır.

Əlavə olaraq, üzvlərin ailəsi ilə birlikdə istirahətinin təşkili üçün bölgələrdə fəaliyyət göstərən otellərlə tərəfdaşlıq barədə tədbir iştirakçılar məlumatlandırılıb. Asəf Ağayev qeyd edib ki, Birliyin otellərlə imzaladığı müqavilələrə əsasən, ilin bütün dövrlərində üzvlərə xidmət göstərilir və bu yanaşma mövsümi xarakter daşımır.

Daha sonra Birliyin əməkdaşı Nurlan Həmzəyev çıxış edərək tərəfdaşlıq edilən hotellər, mart ayından indiyə qədər istirahət edən  üzvlərin və ailələrin sayı barədə aylıq statistik göstəricilər barədə ətraflı məlumatları iştirakçılarla paylaşaraq,  yaranan sualları cavablandırıb.

Birliyin baş texniki əmək müfəttişi Yaşar Yusubov əməyin mühafizəsi və işçilərin sağlamlığının qorunması ilə bağlı görülən işlərdən danışıb. Binalarda  yanğından mühafizə və ilkin tibbi yardım təchizatı ilə bağlı yoxlamaların nəticələri barədə məlumat verib. O, sərhəd-buraxılış məntəqələrində  iş şəraitinin yoxlanılması, istifadə olunan aparatlardan yayılan radiasiya miqdarının  ölçülməsi və işçilərin sağlamlığının qorunması üçün tədbirlərin görülməsi barədə  atılan addımları diqqətə çatdırıb.  Yaşar müəllim AHİK-in Beynəlxalq Əmək Təşkilatı  ilə 1992-ci ildən əməkdaşlıq etdiyini, hökumət tərəfindən  59 Konvensiyanın ratifikasiya olunduğunu və bunların 21-nin əməyin mühafizəsi yönündə olduğunu vurğulayıb.

Daha sonra çıxış üçün söz tədbirə partnyor şirkət qismində dəvət edilmiş “Push30” şirkətinin satış müdiri Mansur Paşayevə verilib. O göstərdikləri xidmətin üstünlükləri və faydaları barədə iştirakçıları məlumatlandırıb.

Qeyd edək ki, “Push30” sağlamlıq və idman sahəsində korporativ imtiyazlar platformasıdır. Müştərilərə geniş fitnes mərkəzləri şəbəkəsindən faydalanmaq, müxtəlif tədbir və turnirlərdə iştirak etmək, fitnes ilə bağlı çoxsaylı videolardan zövq almaq imkanı təqdim edir.

GİHİB tərəfindən tədbirə dəvət olunan fitnes üzrə mütəxəssis Səmral Hüseynov sağlam qidalanma, iş sonrası idmanla məşğul olma ilə bağlı iştirakçılara tövsiyələrini verib.

Asəf Ağayev, “Push30” şirkətinin nümayəndələrinə məlumatlara görə təşəkkürlərini bildirərək, gömrük əməkdaşlarının xidmətlərdən mütəmadi yararlandıqlarını qeyd edib.

Bundan sonra müzakirələr şəklində davam edən tədbirdə iştirakçıların qanunvericilikə bağlı sualları cavablandırılıb, onların sosial rifahının yaxşılaşdırılması, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması ilə bağlı təkliflərinin qeydiyyatı aparılıb.