AHİK-in rəhbərliyi və kollektivi şəhidlərimizi anıb

877

Bu gün saat 12-də Azərbaycan ərazisində 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və kollektivi də qurumun binasının foyesində Ulu Öndər Heydər Əliyevin büstü qarşısında bir dəqiqəlik sayğı duruşu ilə şəhidlərimizi anıblar.

AHİK sədri Sahib Məmmədov çıxışında Anım Gününün təsis olunması ilə bağlı dövlətimizin başçısı cənab İlham Əliyevin sərəncamının önəmini vurğulayıb. Bildirib ki, bu, rəşadətlə döyüşən, Vətən yolunda canlarından keçən qəhrəman əsgər və zabitlərimizə, həmçinin bütün şəhidlərimizə ali ehtiramın göstəricisidir. Onun sözlərinə görə, Anım Gününün həm də gənclərin Vətənə sədaqət ruhunda tərbiyə almasında, xalqımızın həmrəyliyinin güclənməsində böyük rolu var. AHİK sədri bildirib ki, Şərqi Zəngəzuru və Qarabağı düşməndən təmizləyərək xalqımıza misilsiz Qələbənin sevincini bəxş edən, onu müzəffər edən, dünyada mübariz xalq kimi tanıdan şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.