Lənkəranda AHİK və BƏT-nin birgə təşkilatçılığı ilə seminar keçirilib

334

Avqustun 23-də Lənkəran şəhərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Həmkarlar ittifaqları seçim qarşısında” mövzusunda seminar keçirilib. Tədbir həmkarlar ittifaqlarının üzləşdiyi yeni çağırışlar və bu çağırışlara qarşı mümkün həll yolları üzərində müzakirələr aparmaq üçün geniş bir platforma təqdim edib.

Açılış nitqləri ilə AHİK sədrinin birinci müavini İlyas Əliyev və Beynəlxalq Əmək Təşkilatının (BƏT) Avropa və Mərkəzi Asiya üzrə Bölmə Rəhbəri, ACTRAV nümayəndəsi Sergejus Glovaskas çıxış ediblər. Onlar həmkarlar ittifaqlarının bugünkü vəziyyəti və gələcək istiqamətləri barədə dərin təhlillər apararaq seminarda müzakirə olunacaq əsas mövzuları vurğulayıblar.

İlyas Əliyev çıxışında həmkarlar ittifaqlarının Azərbaycan cəmiyyətində əhəmiyyətini və onların üzləşdiyi çağırışları ətraflı şəkildə izah edib.

O həmçinin müasir dövrdə həmkarlar ittifaqlarının fəaliyyətində baş verən dəyişikliklərə diqqət çəkərək qlobal iqtisadi böhranlar, texnoloji yeniliklər və iqlim dəyişikliyi kimi məsələlərin həmkarlar ittifaqlarının fəaliyyətinə təsirindən danışıb.

AHİK-in şöbə müdiri Namiq Hüseynovun “Həmkarlar ittifaqlarının üzləşdiyi yeni çağırışlar və imkanlar” mövzusunda keçirilən birinci sessiyada əsas məruzəçi kimi çıxışı dinlənilib. Sessiya çərçivəsində həmkarlar ittifaqlarının qlobal dəyişikliklər fonunda qarşılaşdığı yeni reallıqlar, üzvlərin maraqlarının qorunması və onların rifahının yüksəldilməsi üçün atılmalı olan addımlar müzakirə olunub.

Eləcə də tədbirin proqramı çərçivəsində interaktiv müzakirələr, sual-cavab sessiyaları və panel müzakirələri təşkil olunub. Müzakirələr zamanı iştirakçılar həmkarlar ittifaqlarının gələcək inkişafı, əmək münasibətlərində baş verən dəyişikliklər və bu proseslərin təsiri ilə bağlı müxtəlif ssenariləri nəzərdən keçiriblər. Panel müzakirəsinin moderatoru Sergejus Glovaskas isə müxtəlif ölkələrin təcrübələrini iştirakçılarla bölüşərək həmkarlar ittifaqlarının gələcək inkişaf istiqamətlərini səsləndirib.

Seminar yekun sessiya ilə tamamlanıb. Bu sessiyada tədbirin nəticələri dəyərləndirilib, əldə olunan əsas nəticələr və gələcək fəaliyyətlər üçün tövsiyələr təqdim edilib.

Seminar iştirakçılarda geniş maraq doğurub və onların həmkarlar ittifaqları ilə bağlı məsələlərə daha dərindən yanaşmalarına töhfə verib. Qeyd edək ki, bu seminar həmkarlar ittifaqlarının qarşıdakı dövrdə fəaliyyət strategiyalarının təkmilləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.