Avqustun 21-22-də Bakıda “Azərbaycan həmkarlar ittifaqları üçün Kommunikasiya və ictimaiyyətlə əlaqələr strategiyası” mövzusunda beynəlxalq seminar keçirilib.
Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) birgə təşkilatçılığı ilə baş tutan seminarda AHİK-in və üzv təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AHİK sədrinin birinci müavini İlyas Əliyev yaşıl iqtisadiyyata ədalətli keçidlə bağlı həmkarlar ittifaqlarının rolundan, qarşıya qoyulan məqsədlərdən danışıb. Qeyd edib ki, bəşəriyyətin ən böyük fövqəladə həyati problemi olan iqlim dəyişikliyinə qarşı mübarizədə həmrəy olmalıyıq. Ölkəmizdə bu ilin noyabrında keçiriləcək COP29-un bu sahədə əhəmiyyəti də böyük olacaq.
Konfransda iştirak edən ölkələr yeni öhdəliklər götürəcək, istixana qazı emissiyalarını azaltmaq üçün Milli Səviyyədə Müəyyən edilmiş Töhfələri artırmağa çalışacaqlar.
BƏT-in əməkdaşları Sergeyus Qlovaskas, Qoça Aleksandriya, Mamadou Suare çıxış edərək seminarın mövzusunun aktuallığından və əhəmiyyətindən danışıblar.
Seminarda BƏT-in ekspertləri tərəfindən iştirakçılara COP29-un prioritetləri, AHİK-in Azərbaycanın COP29-dakı mövqeyinin təqdimatına verdiyi töhfə, sağlam və təhlükəsiz iş mühitinin təmin edilməsi, yaşıl iqtisadiyyatda gender bərabərliyi və mövzu üzrə digər zəruri məsələlər haqqında ətraflı məlumat verilib.
Tədbir panel müzakirələrlə davam edib.