Azad, ədalətli, demokratik

263

Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayaraq, sosial-iqtisadi yüksəlişdən mədəni intibaha, hüquqi dövlət quruculuğundan demokratikləşməyə, yeni siyasi sistemdən səmərəli islahatlaradək – bütün istiqamətlərdə uğurlar qazanır. Əlbəttə ki, bu nailiyyətlər silsiləsinin nəticəsi böyük Zəfər və ərazi bütövlüyümüzün, suverenliyin təminidir. 

Həmçinin bu Zəfərin yaratdığı yeni reallıqlar ölkəmiz qarşısında yeni imkanlar açır, yeni hədəflər müəyyənləşdirir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan yeni tarixi dövrə qədəm qoyur. Bu məsuliyyətli dövrdə ölkənin idarəçiliyini həyata keçirən strukturların da xalq etimadını yeniləşdirməsi, növbəti müddətə güvən mandatı alması zərurətə çevrilib.
Bu ilin fevral ayının 7-də xalqımız cənab İlham Əliyevə zəfər mandatı verərək, onun müzəffər siyasətinin davamlılığını öz müqəddəratı kimi növbəti dəfə elan etdi. Prezidentin apardığı genişmiqyaslı islahatların qanunverici istinad nöqtəsi olan parlament də növbədənkənar seçkilər qərarı almaqla, bu prosesə mühüm töhfə verdi

Azərbaycanda nümunəvi  seçki modeli formalaşıb

Azərbaycanda mükəmməl seçki təcrübəsi formalaşıb. Ölkəmizdəki seçki ənənəsi olduqca zəngindir. Bu prosesdə həm kəmiyyət, həm də davamlı olaraq keyfiyyətin yüksəldilməsi nəticə etibarilə Azərbaycanın təkmil seçki modelini formalaşdırıb.
1991-ci ilin 18 oktyabrında müstəqilliyin elan edilməsindən etibarən Azərbaycanın tarixində ümumilikdə, 25 səsvermə, o cümlədən 19 seçki keçirilib. Son 33 ildə ölkədə 8 prezident, 6 parlament, 5 bələdiyyə seçkisi, həmçinin 6 referendumun baş tutması böyük siyasi göstəricidir. Bu kontekstdə 2024-cü il xüsusi mərhələ təşkil edir. İlin əvvəlində prezident seçkiləri keçirilib, gələn ay parlament seçkiləri baş tutacaq, ilin sonunda isə ölkəmiz yeni bələdiyyə seçkilərinə gedəcək. Beləliklə, bu il ərzində ali hakimiyyətin etimad mandatı almasından sonra həm qanunverici orqan, həm də yerli özünüidarə təsisatı seçki yolu ilə yenidən formalaşacaq.
Azərbaycanın təkmil seçki modelindən danışarkən, öncə ümumulikdə 25 səsverməyə nəzər salmaq vacibdir. Təəssüf ki, Azərbaycanda 1992-ci il iyunun 7-də keçirilən ilk prezident seçkisi antidemokratik şəraitdə, total saxtakarlıq və ciddi qanun pozuntuları ilə baş tutdu. Elə bunun nəticəsi idi ki, legitimliyi olmayan prezidentlik müddəti cəmi bir il çəkdi və vətəndaşlarımız referendumla bu şəxsi vəzifədən kənarlaşdırdı.
Müstəqil Azərbaycanın tarixində ilk demokratik seçkilər 1993-cü il oktyabrın 3-də keçirildi. 3 namizədin qatıldığı seçkilərdə vətəndaşlarımızın mütləq əksəriyyəti Ulu Öndər Heydər Əliyevə etimad göstərdi. 1998-ci il oktyabrın 11-də 6 namizədin istirak etdiyi növbəti seçkilərin də qalibi Ümummilli Lider oldu.
Ulu Öndərin “Mən Ona özüm qədər inanıram” – dediyi cənab İlham Əliyevə xalqımız da böyük inam nümayiş etdirərək, 2003-cü ilin 15 oktyabrında 8 namizəd arasında böyük səs fərqi ilə məhz ona etimad göstərdi. Cənab İlham Əliyev sonrakı seçkilərdə də – 7 namizədin iştirakı ilə 15 oktyabr 2008-ci ildə keçirilən, 2013-cü ilin oktyabr ayının 9-da 10 iddiaçının qatılımı ilə baş tutan, 2018-ci ilin 11 aprelində 8 namizədlə gerçəkləşən prezident seçkilərində də mütləq qalib oldu. Bu ilin fevral ayının 7-də baş tutan Zəfər seçkiləri isə artıq ərazi bütövlüyü, suverenliyi tam təmin olunan ölkənin vətəndaşlarının Müzəffər Komandana möhtəşəm etimadı ilə əlamətdar idi. Cənab İlham Əliyevin özü isə ailəsi ilə bərabər azadlığa qovuşmuş Xankəndidə səsvermə hüququndan istifadə etdi.
Azərbaycanın Həmkarlar Təşkilatları Konfederasiyasının çoxmilyonlu üzvləri daim qürur və iftixar hissi duyurlar ki, bütün prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin və cənab İlham Əliyevin namizədlikləri ilk olaraq məhz bu ictimai təşkilat tərəfindən irəli sürülüb. Üzvlərimiz seçki prosesində bu layiqli namizədlərin təbliğat, təşviqat prosesində də yüksək fəallıq göstəriblər.

İlham ƏLİYEV:  “Gəlsinlər  bizim təcrübəmizi öyrənsinlər”

Azərbaycanın seçki tarixində qanunverici orqana seçkilər xüsusi əhəmiyyət kəsb edir. 1995-ci ilin 7 noyabrında Milli Məclisə keçirilən seçkilərlə həm də demokratik parlamentarizm ənənələrinin formalaşmasının əsası qoyuldu. 25 nəfərin proporsional, 100 nəfərin isə majoritar sistemlə seçiləcəyi parlamentə 8 siyasi partiya və bitərəflər namizədlərini irəli sürdülər.
Bitərəflər və 33 siyasi partiyanın təmsilçilərinin iştirakı ilə II çağırış Milli Məclisə 2000-ci il noyabrın 5-də keçirilən seçkilərdə yenə də qarışıq seçki sistemi tətbiq olundu. Yeni seçilən deputatların 26 nəfəri bitərəfləri, qalanları isə 10 siyasi partiyanı təmsil edirdi.
2005-ci il 6 noyabrda 3-cü çağırış Milli Məclisə keçirilən seçkilərin nəticələrinə görə 13 siyasi partiyanın namizədləri ilə yanaşı, 46 nəfər bitərəf də deputat seçildi. 7 noyabr 2010-cu ildə Milli Məclisə keçirilən növbəti seçkidə 33 siyasi partiya, 5 seçki bloku və bitərəflər iştirak edirdi. Parlamentdə 10 siyasi partiyanın namizədləri ilə yanaşı, bu dəfə də bitərəf depuatatlar geniş təmsilçilik əldə etdi.
1 noyabr 2015-ci ildə keçirilən V çağırış Milli Məclisə seçkilərdə 15 siyasi partiya və bir seçki bloku iştirak edirdi. 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçinin izlədiyi, 767 namizədin mübarizə apardığı seçkilərin qalibi 12 siyasi partiyanın və müstəqillərin təmsilçiləri oldu. 9 fevral 2020-ci ildə baş tutan növbədənkənar VI çağırış Milli Məclisə seçkilərə 19 siyasi partiyanın və bitərəflərin 1325 nəfər namizədi qatıldı. Bitərəflərin və 11 siyasi partiyanın təmsil olunduğu parlament yeni siyasi konfiqurasiyanı da özündə əks etdirirdi.
Ümumiyyətlə, Azərbaycan Milli Məclisinin bütün 6 çağırışının tərkibi ölkənin ictimai-siyasi mənzərəsini mükəmməl əks etdirib, çoxpartiyalılıq prinsipi əsasında formalaşıb. Milli Məclisin rəhbərliyində həm bitərəflər, həm də müxalifət partiyalarının nümayəndələri təmsil olunurlar. Eyni zamanda bitərəflər və müxalif partiyaların təmsilçiləri Milli Məclisin komitələrinə də sədr seçiliblər. Çoxsaylı partiya nümayəndələrinin Milli Məclisin rəhbərliyi və parlamentin komitələrinin rəhbərliyində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi və siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsinə mühüm töhfə verir.
Dövlət quruculuğu prosesində yerli özünüidarə orqanlarının yaradılması və fəaliyyətini davamlı olaraq təkmilləşdirməsi xüsusi önəm daşıyır. Xalqımız bu təsisatı – bələdiyyəni ilk dəfə 25 il öncə öz səsi və etimadı ilə formalaşdırdı.
Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirildi. 24 siyasi partiyanı təmsil edən 35600 namizədin qatıldığı seçkilərdə 2667 bələdiyyəyə 20456 nəfər üzv seçildi. 17 dekabr 2004-cü ildə keçirilən növbəti bələdiyyə seçkilərində isə 2731 bələdiyyə üzrə 38041 namizəd iştirak etdi, 21613 nəfər qalib oldu.
2009-cu ilin dekabrında keçirilmiş üçüncü bələdiyyə seçkiləri ərəfəsində ərazi inzibati vahidləri üzrə dəyişikliklər edildi, təkmilləşmə və səmərələşdirilmənin nəticəsi olaraq yerli özünüidarə strukturlarının bəziləri birləşdirildi. 18 siyasi partiyanı təmsil edən 30975 namizədin 1718 bələdiyyə üzrə yarışdığı seçkilərdə 15 591 nəfər üzv seçildi.
2014-cü il dekabrın 23-də 30 siyasi partiyanın təmsilçilərinin iştirakı ilə keçirilən və 37077 nəfərin yarışdığı seçkilərdə 1607 bələdiyyəyə 15035 nəfər üzv seçildi. 2019-cu il dekabrın 23-də keçirilən seçkilərə qatılan 41 463 namizəd 13 siyasi partiyanı və bitərəfləri təmsil edirdi. Nəticədə 1606 bələdiyyə üzrə 15156 üzv seçildi. Bu ilin dekabrında sayca 6-cı bələdiyyə seçkiləri keçiriləcək.
Azərbaycanın seçki sistemində referendumların da böyük əhəmiyyəti var. Ölkəmiz müstəqilliyini elan etdikdən iki ay sonra – 1991-ci il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Ali Sovetin Konstitusiya Aktının qəbul olunması məsələsi barədə referendum keçirilmiş və seçicilərin 99,8 faizi müsbət rəy bildirmişdi. 1993-cü il avqustun 29-da vəzifə səlahiyyətlərini icra etməkdən boyun qaçıran prezidentə etimad göstərilməsi məsələsi haqqında ümumxalq səsverməsi keçirilmiş və seçicilərin 92,02 faizi prezidentə etimad göstərilməsinin əleyhinə olmuşdur.
12 noyabr 1995-ci ildə baş tutan referendumda seçicilərin 92 faizi Azərbaycanın ilk Konstitusiyasının qəbuluna səs verdi. 2002-ci və 2009-cu illərdə keçirilən referendumlarda vətəndaşlarımız Konstitusiyaya bəzi əlavə və dəyişikliklərə razılıq verdilər.
26 sentyabr 2016-cı ildə keçirilən növbəti referendum da Konstitusiyaya dəyişiklikləri əks etdirməklə yanaşı, Prezidentin həyata keçirdiyi sistem islahatlarına xalqın mühüm dəstəyini göstərdi.
Ölkəmizdə son 31 ildə keçirilən bu seçkilər Azərbaycanın demokratik dəyərlərə sadiqliyini dünyaya nümayiş etdirir, demokratik inkişafın göstəricisi kimi qəbul olunur. Prezident İlham Əliyevin bu mövqeyi haqlı olmaqla yanaşı, həm də ədalətli seçki mütəxəssislərinin birmənalı rəyidir: “Kim nə deyirsə-desin, hansı uydurma ortaya atırsa-atsın, Azərbaycan demokratiya yolu ilə gedir. Bizdə azad seçki, şəffaf referendum keçirilir. Biz bir çox ölkələr, xüsusilə özlərini demokratiyanın beşiyi sayan ölkələr üçün nümunə ola bilərik. Gəlsinlər, bizim təcrübəmizi öyrənsinlər”.

Seçki sistemi davamlı təkmilləşdirilir 

Seçki prosesi dinamik və inkişaf edən prosesdir. Bu baxımdan, seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı son onilliklərdə həyata keçirilən tədbirlər, o cümlədən qanunvericiliyin davamlı təkmilləşdirilməsi Azərbaycanda formalaşdırılan demokratik seçki mühitinin daha da möhkəmləndirilməsinə xidmət edib. Müasir Azərbaycanda demokratik seçki ənənələrinin formalaşması 1995-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qəbul edilmiş Konstitusiyada əksini tapıb.
Demokratik dövlətin mühüm əlamətlərindən sayılan azad, şəffaf seçkilərin keçirilməsi və buna imkan yaradan təkmil seçki qanunvericiliyinin mövcudluğu ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunun vacib şərtlərindəndir.
Azərbaycanda ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün mükəmməl qanunvericilik sistemi mövcuddur. Seçki hüququ məlum olduğu kimi, Konstitusiya ilə müəyyən edilir. Konstitusiyanın “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlı fəslində qeyd edilir ki, Azərbaycan vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Konstitusiyaya əsasən, seçki hüququ sahəsində yaranan münasibətlər Seçki Məcəlləsi ilə tənzimlənir.
2003-cü ilin may ayında təsdiq edilmiş Seçki Məcəlləsinə indiyədək 26 dəfə əsaslı dəyişikliklər edilib. Məcəlləyə edilən əlavə və dəyişikliklər seçkilərin azad, ədalətli və obyektiv keçirilməsinə, vətəndaşların seçki hüququnun etibarlı təminatına xidmət edib. Bu Məcəllə ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin, eləcə də referendumun keçirilmə qaydalarını müəyyənləşdirir. Eyni zamanda Seçki Məcəlləsi Mərkəzi Seçki Komissiyasının və seçki komissiyalarının təsisi və fəaliyyəti prinsiplərini də özündə əks etdirir. Seçki Məcəlləsi şəffaf və demokratik seçkilərin keçirilməsi üçün daha möhkəm hüquqi bazis yaradır, namizədlərin qeydiyyatı və seçki komissiyalarının fəaliyyəti də daxil olmaqla, seçkilərin bütün aspektlərinin təkmilləşdirilməsinə imkan verir.
Seçki Məcəlləsi aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində hazırlanıb, müasir demokratik seçki prinsip və normalarını özündə əks etdirir. Sənədin hazırlanması ilə bağlı Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla sıx əməkdaşlıq edilib. Bu təşkilatların Seçki Məcəlləsinin layihəsinə dair təklif etdikləri tövsiyələrin demək olar ki, hamısı Seçki Məcəlləsinə daxil olunub.
Azərbaycan hakimiyyəti ölkədə demokratik və sivil beynəlxalq standartlara cavab verən seçkilərin keçirilməsinə mühüm önəm verir. Bu istiqamətdə nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakının təmin edilməsi məqsədilə müvafiq dəvət məktubları göndərilir. Beynəlxalq müşahidəçilərin bəyanatlarında seçki prosesinin uğurlu, azad, ədalətli, şəffaf, demokratik, obyektiv və legitim keçirildiyi, seçki prosedurlarının seçki ərəfəsində və seçki günü peşəkar şəkildə reallaşdırıldığı qeyd olunur. Seçkilərin bütün ölkə üzrə sakit, dinc və nizamlı şəkildə, eləcə də beynəlxalq standartlara və Seçki Məcəlləsinin tələblərinə uyğun keçirildiyi bildirilir. Mərkəzi Seçki Komissiyasının seçki prosesinə hazırlığı effektiv qiymətləndirilir. Seçki məntəqələrində veb-kameraların quraşdırılmasının təqdirəlayiq inkişaf olduğu vurğulanır.
Seçki sisteminin təkmilləşdirilməsi yalnız qanunvericilik sahəsini əhatə etmir. Son illərdə Azərbaycanda geniş vüsət alan quruculuq və abadlıq işləri seçki komissiyalarının da rahat fəaliyyəti üçün daha müasir iş şəraitinin yaradılmasına mühüm təsir göstərir. Dairə və məntəqə seçki komissiyaları ən müasir tələblər səviyyəsində inzibati binalarla təmin olunur, əsaslı təmir edilir.
Prezident İlham Əliyevin böyük qayğısı ilə Mərkəzi Seçki Komissiyası müasir, modern tələblərə cavab verən binada fəaliyyət göstərir. Belə münbit şərait bu qurumun fəaliyyətinin daha səmərəli təşkilinə geniş imkanlar açıb. MSK-nın yeni binasının açılışında Prezident İlham Əliyev haqlı olaraq qeyd edib: “Azərbaycanda seçkilərin keçirilməsində artıq böyük təcrübə var və biz ən qabaqcıl təcrübəni öyrənirik, Azərbaycanda tətbiq edirik. Bütün işlər beynəlxalq standartlara uyğun şəkildə qurulubdur. Azərbaycanda seçkilərin keçirilməsi prosesi ildən-ilə daha da təkmilləşir, şəffaflıq tam şəkildə təmin edilir və insanlar azad, sərbəst şəkildə öz iradələrini ifadə edirlər”.
Seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər sırasında seçicilərlə maarifləndirmə işlərinin aparılması, seçki hüquqları ilə bağlı sənəd nümunələrinin hazırlanması, seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar yeni üsulların tətbiq edilməsi və digər bu kimi işlər mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın inkişaf edən seçki sistemində demokratik ab-havanın, şəffaflığın təmin edilməsi üçün müasir informasiya texnologiyaları da tətbiq olunur. Belə ki, regionda ilk dəfə məhz Azərbaycanda seçkinin gedişatının internet vasitəsilə birbaşa izlənilməsi sistemi yaradılıb. İndi 1000 məntəqədə veb-kameralar quraşdırılıb.
Seçkilərdə demokratikliyin və şəffaflığın təmin olunması baxımından “exit-poll” da əhəmiyyətli tədqiqat vasitəsi hesab edilir. O, kimin qalib gəldiyini operativ və obyektiv şəkildə müəyyənləşdirməyə, bununla da seçki kampaniyasına nəzarət etməyə imkan verir. Ölkəmizdə bu sistem də uğurla gerçəkləşir. “Exit-poll” Mərkəzi Seçki Komissiyasının nəticələri rəsmən elan etməsindən əvvəl ilkin nəticələri əldə etmək imkanını yaradır, səsvermənin nəticələrinə ictimai nəzarəti həyata keçirir. Təqdirəlayiq haldır ki, “exit-poll”ların nəticələri daim Mərkəzi Seçki Komissiyasının göstəriciləri ilə demək olar ki, üst-üstə düşür. Bu da bir daha seçkilərin demokratik tələblərə uyğun keçirildiyini aydın şəkildə nümayiş etdirir.
Azərbaycan hakimiyyətinin aşkarlığın daha çox təmin edilməsi üçün bu təşəbbüsləri, yeniliklərə yüksək həssaslıq nümayiş etdirməsi beynəlxalq miqyasda yüksək qiymətləndirilir.

Yeni parlament  seçkiləri demokratiyanın növbəti təntənəsi olacaq

Azərbaycan Prezidenti cənab İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və sentyabrın 1-nə Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, parlament seçkilərinin mütəşəkkil qaydada, azad şəkildə keçirilməsinin təmin edilməsi məqsədilə genişmiqyaslı fəaliyyətə başlanılıb.
Respublikada bərqərar olan möhkəm ictimai-siyasi sabitlik və milli inkişaf seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsinə hərtərəfli imkan verir. Prezidentin möhkəm siyasi iradəsi, eləcə də seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi üçün böyük diqqət və qayğısı seçkilərin ədalətli və şəffaf keçirilməsini şərtləndirən mühüm amillərdir. 125 seçki dairəsi üzrə 6400-dən çox seçki məntəqəsində 6 milyon 334 min 444 nəfər seçicinin səsverməsi üçün bütün lazımi şərait yaradılıb.
Artıq müvafiq dövlət strukturları seçkilərin yüksək səviyyədə təşkili, azad, ədalətli keçirilməsi, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə genişmiqyaslı kampaniyaya start verib. Seçkilər təyin oldunduqdan sonra bu prosesə məsul olan orqan kimi MSK yeni mərhələ üçün fəaliyyətə başlayıb və tədbirlər planı hazırlayıb, təqvim planına uyğun olaraq işlərini qurur.
Dairə və məntəqə seçki komissiyaları üzvləri üçün MSK tərəfindən məlumatlandırıcı seminarlar, konfranslar, tədbirlər keçirilir, seçki prosesinin hərtərəfli təmini üçün bütün zəruri hazırlıqlar dəqiqliklə icra olunur.
Sevindirici haldır ki, əgər cari il fevralın 7-də prezident seçkiləri müstəqil Azərbaycan tarixində ilk dəfə bütün ölkə ərazisində keçirilirdisə, parlament seçkilərində də işğaldan azad edilmiş bölgələrdə yaşayan vətəndaşlar ilk dəfə səs verəcəklər. Bu məqsədlə Qarabağ və Şərqi Zəngəzurda 34 seçki məntəqəsi yaradılıb. Həmin seçki məntəqələri ən yüksək səviyyədə təşkil olunub, hərtərəfli şərait və geniş imkanlar yaradılıb.
Seçki prosesinin demokratikliyini təmin edən amillərdən biri də KİV əməkdaşları üçün yaradılan şəraitdir. Azərbaycan yeganə ölkədir ki, seçkilərdə media subyektlərinin nümayəndələri heç bir qurumdan icazə almırlar və onlar seçkilərin işıqlandırılması prosesində sərbəst şəkildə iştirak edirlər. Bununla yanaşı, seçkiləri təmin edən qurum və şəxslərin təhlükəsiz və maneəsiz fəaliyyəti üçün də qanunun tələbləri əsasında möhkəm təminat mövcuddur. Belə ki, seçki prosesinə maneə yaradanlar, həmçinin seçki komissiyalarının işinə müdaxilə edənlər Cinayət Məcəlləsinə uyğun olaraq, cinayət məsuliyyətinə və inzibati məsuliyyətə cəlb olunurlar.
VII şağırış Milli Məclisə seçkilərdən bizi tam 1 ay vaxt ayırır. Seçki prosesi ən məsuliyyətli və qaynar mərhələsinə qədəm qoyur. Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi prosesi artıq sabah başa çatır.
Son rəsmi məlumata görə, deputatlığa namizədliyini irəli sürənlərdən 1200-dən çoxu imza vərəqəsi alıb, təqribən 660 nəfər isə imza vərəqələrini qaytarıb. İndiyədək qeydə alınan namizədlərin sayı 390 nəfərə çatır. Yaxın günlərdə deputatlığa namizədlərin yekun göstəricisi məlum olacaq.
Ancaq indidən məlumdur ki, çoxsaylı müstəqil namizədlərlə yanaşı, ölkədə fəaliyyət göstərən 26 siyasi partiyadan 25-i öz təmsilçiləri ilə seçkidə iştirak edəcəklər. Bu da seçkiyə böyük ictimai marağı, siyasi mütəşəkkilliyi və demokratik rəqabət imkanlarının mövcudluğunu əyani göstərir.
Seçki prosesinin önəmli mərhələlərindən biri də namizədlərin təşviqat kampaniyasıdır. Qanunvericiliyə görə bu proses səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Namizədlərin təşviqatı qanunvericiliyin tələbləri əsasında televiziya, radio, mətbuat və kütləvi tədbirlər vasitəsilə həyata keçirilir. Seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına İctimai Televiziya və Radio Yayımları Şirkəti və “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika”, “Bakinski raboçi” qəzetlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq. Eyni zamanda namizədlərin təşviqat tədbirləri çərçivəsində 125 seçki dairəsi üzrə görüşlər üçün şəhər və rayonlarda açıq və qapalı yerlər müəyyənləşdiriləcək.
Seçkilərdə şəffaflığın təmin olunması məqsədilə həm yerli, həm də beynəlxalq müşahidəçilərin seçki prosesini izləmələri üçün MSK hərtərəfli şərait yaradıb. Hazırda həm MSK-da, həm də müvafiq dairə seçki komissiyalarında müşahidəçilərin, həmçinin “exit-poll” keçirmək istəyən təşkilatların qeydə alınması prosesi davam edir.
Parlament seçkilərində xarici təşkilatların və beynəlxalq müşahidəçilərin bu dəfə də böyük marağı olacağı gözlənilir. Seçki Məcəlləsinin tələblərinə görə, beynəlxalq müşahidəçiləri dəvət etmək üçün Milli Məclis, Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyası artıq beynəlxalq miqyasda parlament nümayəndə heyətlərinə, ali müşahidəçilərə və seçki ilə bağlı əməkdaşlıq edilən qurumlara dəvət göndərirlər. Bu dəfə də beynəlxalq müşahidəçilərin geniş coğrafiyanı əhatə etməsi labüddür.
“Bizim əsas niyyətimiz ondan ibarətdir ki, Azərbaycan xalqı öz seçki hüququndan azad şəkildə istifadə etsin, bəyəndiyi namizədə səs versin, beləliklə, öz fikrini və öz siyasi iradəsini ifadə etsin. Bütövlükdə biz buna nail olmuşuq. Bizim üçün əsas məsələ bundan ibarətdir” – Prezident İlham Əliyevin bu mövqeyinə əsasən, tam əminliklə deyə bilərik ki, seçmək və seçilmək hüququnun təmini Azərbaycanda hakimiyyətin fəaliyyət prioriteti və idarəçilik fəlsəfəsinin əsas məqsədidir. Yeni parlament seçkiləri də Azərbaycanda demokratiyanın növbəti təntənəsi olacaq.

Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri

“Azərbaycan” qəzeti

01.08.2024-cü il