Azərbaycan naminə missiya

219

Şanlı tariximizin bütün mərhələlərinə Azərbaycan qadınının adı şərəflə həkk olunub. Azərbaycan qadını iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətin həyatında, milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynayır.
Bu gün  qadınların ölkəmizin ictimai-siyasi həyatında yeri və roluna diqqət etsək, sadalananlara şahidlik etmiş olarıq. Reallıq budur ki, müasir Azərbaycan qadını ana olmaqla yanaşı, həm də alim, siyasətçi, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputat və iş adamıdır. Azərbaycan qadını hər zaman olduğu kimi, bu gün də dövlətin dəstəyini hiss edərək, özünün fəallığı ilə cəmiyyətdə bərabərhüquqlu mövqeyə nail olmağı bacarır.
Tariximizin istənilən zamanında örnək kimi qəbul etdiyimiz qadınlarımız olub və indi də var. Buna nümunə kimi ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanı, onun bənzərsiz ictimai-siyasi fəaliyyətini göstərmək yetərlidir. Mehriban xanım müasir Azərbaycan qadın hərəkatının lideri kimi xalqımızın və dövlətimizin tərəqqisi naminə bənzərsiz fəaliyyət göstərir.
Mehriban xanım Əliyevanı şəxsiyyət kimi xarakterizə edərkən bir məqamı nəzərdən qaçırmaq olmaz ki, onun fəaliyyətində ənənəviliklə müasirlik əsas prinsiplərdəndir. Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, məhsuldar ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəstxəti ilə daxil olan şəxsiyyətlərdəndir.
Onun xalqına, dövlətinə xidmət fəlsəfəsinin təməlində Azərbaycana sonsuz sevgi, Ulu Öndər Heydər Əliyev ideyalarına sarsılmaz inam və Prezident İlham Əliyevin siyasətinə yüksək sədaqət hissləri dayanır.
Azərbaycanın birinci xanımı  xeyirxahlığına, yüksək idarəçilik bacarığına, diqqət və qayğısına görə xalqımızın hörmətini, məhəbbətini qazanıb və onun ölkəmizin ictimai-siyasi, mədəni həyatındakı rolu,  mühüm xidmətləri danılmaz reallıqdır.

Azərbaycan qadınının mükəmməl obrazı

Mehriban xanım Əliyeva özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycan qadınının həm örnək ana, həm də fəal ictimai xadim olduğunu sübut edir. Azərbaycanda qadın hərəkatının yeni mərhələsinin lideri kimi geniş ictimai fəaliyyəti humanizm meyarlarına söykənir.
Həyatının mənasını Vətənə, xalqa və insanlara xidmətdə görən, sərhəd tanımayan xeyirxahlıq, insanpərvərlik onu fərqləndirən özünəməxsus xüsusiyyətləridir. Gəlin, Mehriban xanım Əliyevanın bir insan obrazı haqında söylədiyi ibratamiz fikirlərə diqqət edək: “Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan – bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir”.
Göründüyü kimi, Birinci vitse-prezident insanlara aşılayır ki, kiminsə yox, öz yolunla getsən, kiməsə oxşamağa çalışmasan, xoş əməllər sahibi olsan, mütləq özünü tapacaqsan və seviləcəksən.
Həqiqətən də, Mehriban xanım Əliyeva öz dəst-xəti ilə, xoşməramlı missiyası, təmənnasız yaxşılığı ilə könüllərdə heykəlini ucaldıb. Ona görə də deyə bilərik ki, Mehriban xanım Əliyeva tarixdə yaşamış vətənpərvər qadınlarımızın örnək olan həyatını öz fəaliyyətində yeni keyfiyyətdə və yüksək səviyyədə davam etdirir.
Maraqlı sual yaranır: bu gün xalq Prezident İlham Əliyevi  və  Birinci vitse-prezidenti nədən bu qədər sevir?
Buna cavab vermək heç də çətin deyil. Çünki hər bir ölkə sakini cənab Prezidentin və Mehriban xanımın timsalında onların istəkləri ilə maraqlanan, protokol çərçivəsindən kənara çıxmağı, problemə münasibət bildirməyi bacaran insanları görürlər. Onlar daim əhalinin yanındadırlar, ünsiyyətdən çəkinmirlər, əksinə, insanların görüşünə can atırlar. Doğum günlərini əvvəllər keçmiş məcburi köçkünlərlə, bu gün isə 30 ildən sonra doğma yurdlarına qayıdan soydaşlarımızla birgə qeyd edirlər. Qarabağ və Şərqi Zəngəzura səfərlər edərkən kiçikdən tutmuş böyüyədək, hər kəslə görüşür, tək-tək şəkil çəkdirir, mehriban söhbət edirlər. Onların istəklərini, arzularını gerçəkləşdirirlər. Bu da onu göstərir ki, xeyirxahlıq və şəfqət insanın daxilindən gəlməlidir, yoxsa, ictimaiyyət onu qəbul etməyəcək. Mehriban xanım Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərdən irəli gələn əzmkar və genişmiqyaslı fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət məramı dayanır.
Azərbaycanın birinci xanımı statusunu ləyaqətlə daşıyan Mehriban Əliyeva həm  Azərbaycan qadınının layiqli obrazı, həm müasir və mütərəqqi düşüncəyə malik ictimai xadim, həm də humanizm, xeyriyyəçilik ənənələrini yaşadan şəxsiyyətdir.
Bir sözlə, xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Mehriban xanım Əliyeva Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən missiyanı şərəflə yerinə yetirir.

Ümumxalq sevgisi, sadiq silahdaş

Ümummilli Lider Heydər Əliyev ideyalarını, onun humanizm siyasətini Prezident İlham Əliyevlə birgə birinci xanım Mehriban Əliyeva da olduqca mükəmməl şəkildə davam etdirir.
Əlbəttə ki, Mehriban xanımın həm də görkəmli dövlət xadimi kimi formalaşmasında Heydər Əliyev məktəbinin rolu danılmazdır. Bu barədə ölkəmizin birinci xanımının çox maraqlı fikirləri var: “Mən Heydər Əliyev ailəsinin üzvü olanda birinci kursda oxuyurdum, deməli, 20 ildən artıq bir müddətdə bir çox amillər formalaşmış, daim kütləvilik elementi olan mühitdə davranış tipini şərtləndirmişdir. Mən 20 il Heydər Əliyev kimi bir insanın ailəsində, yanında yaşamışam. Biz çətin illərində də, xoşbəxt anlarında da onun yanında olmuşuq. Sarsılmaz iradəsi ilə bu insan qalib kimi yaşamış və dünyadan qalib kimi getmişdir. Adamların böyük əksəriyyətindən fərqli olaraq, biz onu təkcə siyasi xadim, dövlət rəhbəri rolunda deyil, həm də adi insan, ailə başçısı, övladlarını sevən ata, baba kimi görmüşük. Mən taleyimə minnətdaram ki, belə bir imkanım olmuşdur. Bu insanla ünsiyyət mənim üçün qeyri-adi bir həyat məktəbi olmuşdur. Ümid edirəm ki, ondan nə isə öyrənə bilmişəm”.
Həqiqətən də Mehriban xanım Əliyevanın həyat yoluna nəzər saldıqda aydın şəkildə görünür ki, onun reallaşdırdığı bütün layihələr, gördüyü əvəzsiz işlər genetik kodundan və düşdüyü ailənin mühitindən gəlir. Bütün bunlara misal kimi onun səhiyyə, təhsil, mədəniyyət, ədəbiyyat sahəsində reallaşdırdığı layihələri, xeyriyyəçilik əməllərini və nəhayət, dövlətçilik siyasətini göstərə bilərik. Məhz onun səyləri nəticəsində Azərbaycanda qadın hərəkatı keyfiyyətcə yüksək səviyyəyə çatıb. Ölkədə bütün dövlət strukturlarında qadınların idarəçilikdə rolunun artırılması istiqamətində mühüm işlər həyata keçirilib. Bu gün Azərbaycan qadını parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsildə, səhiyyədə, biznes strukturlarında, kənd təsərrüfatı sektorunda, orduda, hüquq-mühafizə orqanlarında təmsil olunur.
Mehriban xanım Əliyevanın fəaliyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətti uğurla tamamlayır. Ölkənin birinci xanımı fədakarlığı, mədəniyyətimizə, tariximizə, adət-ənənələrimizə bağlılığı ilə ən böyük mükafat olan ümumxalq sevgisinə layiq olduğunu sübut edir.
Bütün bunları nəzərə alan Prezident İlham Əliyev 2017-ci ildə doğru seçim edərək, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması haqqında sərəncam imzaladı. Bu, heç də təsadüfi deyildi. Çünki bu dövrə qədər o, həm Milli Məclisin deputatı kimi, həm də Heydər Əliyev Fondunun rəhbəri olaraq çox mühüm ictimai-siyasi fəaliyyəti ilə seçilirdi. Milli Məclisin deputatı olduğu zamanlar daim seçicilərlə görüşlər keçirir, onların qayğıları ilə maraqlanır, rəy və təkliflərini öyrənib, sosial problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görürdü. Seçicilərin dərin hörmət və rəğbətini qazanan Mehriban xanım Əliyeva parlamentdə dövlətimizin və xalqımızın maraqlarından çıxış edərək vacib qanunların qəbul olunmasında yaxından iştirak edirdi. Bununla bərabər, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal rol oynayır, təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahəsində həyata keçirdiyi layihələr bu istiqamətlərin inkişafına əvəzsiz töhfə verirdi. Həmçinin Azərbaycan həqiqətlərinin, mədəniyyətinin dünyaya tanıdılması istiqamətində gördüyü işlər beynəlxalq aləmdə böyük əks-səda doğurur, bu layihələr Azərbaycanın dünyadakı mövqeyinin daha da möhkəmləndirilməsi prosesinə müsbət töhfə verirdi.
Azərbaycana, qədirbilən xalqımıza sonsuz sevgisi, milli-mənəvi dəyərlərə dərin hörməti, ölkənin ictimai-siyasi həyatındakı xidmətləri onun ölkəmizin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillər oldu.
Artıq 7 ildir ki, bacarıqlı siyasi fəaliyyəti, yüksəksəviyyəli təşkilatçılıq məharəti, özünəməxsus idarəçilik xüsusiyyətləri, humanist yanaşma tərzi sayəsində Mehriban xanım Əliyeva bu vəzifənin öhdəsindən ləyaqətlə gəlir. Hər kəs şahidlik edir ki, o, dövlət başçımızın həm də ən sadiq silahdaşıdır.
Birinci vitse-prezident vəzifəsində fəaliyyətini dövlətə, xalqa xidmət prinsipləri əsasında quran Mehriban xanım Əliyevanın bu dövrdə irəli sürdüyü və icrasına birbaşa rəhbərlik etdiyi layihələrin hər biri sosialyönümlüdür. Bu kiçik dövrə nəzər yetirsək, onun ölkəmiz, xalqımız adına çox böyük işlər gördüyünə şahidlik edərik. Həmin dövrdə torpaqlarımız işğal altında idi. Dövlət siyasətinin prioritet istiqamətlərindən biri də ölkə əhalisinin ən həssas təbəqəsi olan, doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması idi. Bu istiqamətdə Mehriban Əliyevanın gördüyü işlər də əvəzsiz qiymətləndirilməlidir. Birinci vitse-prezident kimi ilk iclasını məcburi köçkünlərin probemlərinin həlli istiqamətinə həsr etməsi, daim bu təbəqədən olan insanlara qayğı göstərməsi, onların mənzillərlə təmin olunması məsələsini həll etməsi əsl reallığı göstərir. Mərhəmət, kömək etmək, təmənnasız yardım onun həyat kredosudur.
Ümumiyyətlə, humanizm Mehriban xanım Əliyevanın həyatından və fəaliyyətindən qırmızı xətt kimi keçir. O, yardıma ehtiyacı olanlara diqqət və qayğı göstərir, dəstək verir, müsbət nümunə yaradır. Mehriban xanım Əliyevanın çoxşaxəli, uğurlu, səmərəli və nümunəvi fəaliyyəti həm ölkəmizdə, həm də beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Dünya miqyasında elm xadimləri, ziyalılar, ictimai-siyasi xadimlər, dövlət adamları və digərləri Azərbaycanın birinci xanımının tarixi missiya yerinə yetirdiyini ifadə edirlər. Bu fikirlər əbəs yerə səslənmir. Çünki Mehriban xanım Əliyeva təkcə ölkəmizdə deyil, həmçinin bir sıra xarici ölkələrdə məktəb, xəstəxana, katolik və pravoslav kilsələri, sinaqoqların tikintisinə, təmir və bərpasına, yenidən qurulmasına köməyini əsirgəməyib.

Heydər Əliyev Fondu – 20 illik uğurlu missiya

Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib.
Dahi liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində Mehriban xanım Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdiyi təşkilatın genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir.
Ötən 20 ildə həyata keçirdiyi müxtəlifistiqamətli xeyriyyəçlik fəaliyyəti ilə dünyada tanınan Heydər Əliyev Fondunun reallaşdırdığı layihələri saymaqla bitməz. Azərbaycanın birinci xanımının genişmiqyaslı proqram və layihələrinin sırasında təhsil sistemini təkmilləşdimək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək hədəfi xüsusi yer tutur. Fondun layihələri çərçivəsində minlərlə məktəb, uşaq bağçaları və ixtisaslaşdırılmış uşaq məktəbləri tikilib və ya təmir olunub. Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələri, “Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı” təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.
Bu bir həqiqətdir ki, Azərbaycanda uşaq evlərinin və internat məktəblərindəki kimsəsiz uşaqların ən böyük qayğıkeşi, hamisi də Mehriban xanımdır. Kimsəsizlərə böyük qayğı göstərən, bayramları onlarla birlikdə keçirən Birinci vitse-prezident əsl ana qayğısı sərgiləyir. Heydər Əliyev Fondunun bu istiqamətdə reallaşdırdığı “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində ölkəmizdə 40-a yaxın uşaq evi və internat məktəbi ən müasir standartlara uyğun olaraq təmir edilib.
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fondun genişmiqyaslı səhiyyə layihələrinə də nəzər yetirsək görərik ki, bu sahədə çox böyük işlər həyata keçirilib. Buraya xəstəxanalar, klinikalar, müasir avadanlıqların alınması, diabet və talassemiya xəstələrinin müalicəsi daxildir. Bu istiqamət üzrə Mehriban xanımın təşəbbüsü ilə “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi olduqca əhəmiyyətli layihələrin həyata vəsiqə alması geniş ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu layihələr çərçivəsində Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.

Qarabağ və Şərqi Zəngəzurda möhtəşəm layihələr

Artıq 4 ilə yaxındır ki, Azərbaycan xalqı Vətən müharibəsindəki böyük Zəfərin sevincini, qürurunu yaşamaqdadır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində dünyaya səs salan bu Zəfərimiz tariximizin ən şanlı səhifəsidir. Qarabağ və Şərqi Zəngəzuru yenidən quran möhtərəm Prezidentimiz həm də dünyaya Azərbaycanın iqtisadi qüdrətini nümayiş etdirir. Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun fəaliyyətinin ən şanlı səhifəsi Qarabağ və Şərqi Zəngəzurun bərpa-quruculuq prosesində ön sırada olmasıdır. İndiyə qədər minlərlə abidəyə nəfəs verən Heydər Əliyev Fondu Qarabağdakı dini irsimizin, məscidlərimizin, mədəniyyət abidələrimizin bərpasını reallaşdırmaqdadır. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir.
İşğaldan azad olunan torpaqlarımızda erməni vandalları tərəfindən darmadağın edilmiş mədəni-dini abidələrimizin bərpası prosesi davam etdirilir. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Heydər Əliyev Fondu azad edilmiş torpaqlarda geniş fəaliyyət göstərməkdədir.
Şuşada fond tərəfindən aparılan bərpa işləri cəmi bir neçə aya başa çatdırılıb. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Vaqifin muzey-məqbərə kompleksinin, görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışı olub.
Heydər Əliyev Fondunun Qarabağ layihəsi əsasında bərpa olunaraq istifadəyə verilən işlərdən Şuşa Yaradıcılıq Mərkəzini, Aşağı Gövhər ağa məscidini, Mehmandarovların malikanə kompleksini, Milli Xalça Muzeyinin Şuşa filialını, Mamayı, Çöl Qala, Saatlı məscidlərini, eləcə də  “Yasəmən” hotelini, “Şirin su” hamamını, Cıdır düzündə yerləşən Mir Möhsün Nəvvab Qarabağinin məzarı və qəbirüstü abidəsini, bunlardan başqa, Ağdam Cümə Məscidini, Zəngilan məscidini göstərmək olar.
Əlbəttə ki, işğaldan azad olunan torpaqlarımızdakı abidələrin bərpa edilərək yenidən xalqımıza qaytarılması çox əhəmiyyətlidir. Faktiki olaraq, Qarabağdakı dini abidələrimizin bərpa edilməsi prosesinin başlanması Azərbaycan tərəfindən tarixi gerçəklik missiyasının, ədalətin bərpası deməkdir.
Mehriban xanım Əliyevanın bu tarixi müqəddəs işə rəhbəlik etməsi onu deməyə əsas verir ki, bu istiqamətdə həyata keçiriləcək digər tədbirlər də uğurla yekunlaşacaq.
Qeyd edək ki, işğaldan azad edilən ərazilərimizdəki dini abidələrimizin bərpası prosesinə xarici mütəxəssislərin cəlb edilməsi də təqdirəlayiq haldır. Bu ərazilərdə ermənilərin dini abidələrimizi, məscidlərimizi vandalcasına dağıdıb məhv etməsi cinayətlərinə dünyanın bütün aidiyyəti təşkilatları sərt reaksiyalar verməlidirlər. Azərbaycan erməni vandalizmi ilə bağlı bu faktları meydana çıxarmaqla bütün dünyaya sübut etdi ki, ermənilər işğal dövründə ərazilərimizdə abidələrimizi dağıdıb, məhv ediblər. Bu da yalançı erməni təxribatına böyük zərbə oldu. Bu prosesdə də Mehriban xanım böyük fədakarlıq nümayiş etdirir.

Vətənə və xalqa xidmət nümunəsi

Göründüyü kimi, Prezident İlham Əliyevlə birgə Mehriban xanım Əliyevanın ölkənin inkişaf strategiyasının uğurla həyata keçirilməsində, həmçinin sosial-humanitar layihələrin gerçəkləşməsində böyük əməyi var. Bir məsələni xüsusi olaraq vurğulayaq ki, Mehriban xanım Azərbaycan adına həyata keçirdiyi bütün işlərə qəlbinin sevgisi ilə yanaşır və bu səbəblə də reallaşdırdığı işlər uğurlu alınır.
Həqiqətən də ölkəmizdə elə bir sahə yoxdur ki, orada Mehriban xanım Əliyevanın xoş əməlləri, xoşniyyətli layihələri olmasın. Bütün bunları nəzərə alaraq əminliklə deyə bilərik ki, Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın keçdiyi parlaq həyat yolu Vətənə və xalqa xidmət nümunəsidir.
Hazırda möhtəşəm inkişaf mərhələsini yaşayan respublikamızın qazandığı uğurlara dəyərli töhfələr verən Mehriban xanım ictimai-siyasi həyatda, dönməz xarakter alan islahatlar prosesində fəal iştirakı, milli mədəniyyətimizin dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyəti, vətənpərvərliyi və xeyirxahlığı ilə diqqətdən kənarda qalmır. Onu haqlı olaraq Azərbaycan humanizminin simvolu adlandırırlar.
Mehriban Əliyevanın xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək ali dəyərlərlə, orden və medallarla qiymətləndirilir. Bunların sırasında Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordenini, “Qızıl ürək” beynəlxalq mükafatını, Avropa Olimpiya Komitələrinin Ali ordenini, Fransanın “Şərəf Legionu” ordenini, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordenini, Polşanın “Böyük Komandor Xaçı” ordenini, Rusiyanın “Dostluq” ordenini göstərmək olar. Bunlar Azərbaycanın Birinci vitse-prezidentinin layiq görüldüyü mükafatların heç də tam siyahısı deyil.
Amma Mehriban xanım Əliyevanın özü hesab edir ki, ən böyük mükafatı xalqının ona olan sevgisi, inamı və etimadıdır. Bunu isə birinci xanım əməlləri, humanizmi, xeyirxahlığı, nəcibliyi ilə çoxdan qazanıb. Elə özünün də dediyi kimi, “illər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca, məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız – Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaq”.
Ulu Öndər Heydər Əliyevin siyasi irsi bu gün Azərbaycanın inkişaf strategiyasının nüvəsini təşkil edir. Bu siyasəti layiqli şəkildə davam etdirən Prezident İlham Əliyev Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirə bilib.
Əminliklə deyə bilərik ki, xalqın sevgisini, etimadını qazanmış Mehriban xanım Əliyeva da Azərbaycanın bundan sonra daha da güclənməsi, qlobal nüfuzunun daha da yüksəlməsi istiqamətində sadiq silahdaş kimi Prezident İlham Əliyevlə birgə çox mühüm işlər görəcək, daha möhtəşəm layihələr reallaşdıracaq. Qalib dövlətin yeni zirvələr fəth etməsi üçün möhtəşəm layihələrə imza atacaq.

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

“Azəbaycan” qəzeti 22.08.2024