Taxıl biçini ilə bağlı müsabiqə elan edilib

271

Azərbaycanda taxıl biçini ilə əlaqədar “Ən yaxşı mütəxəssis”, “Ən yaxşı mühəndis-mexanik”, “Ən yaxşı mexanizator”, “Ən yaxşı bölmə rəhbəri” müsabiqəsi elan olunub.

Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyi (ASİHİB) və “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təşkil olunan müsabiqə əmək fəaliyyətində səmərəliliyin artırılması üçün stimulların yaradılması, işçilərin sosial müdafiəsinin gücləndirilməsi, özünü doğruldan mütəxəssislərin üzə çıxarılması və ruhlandırılması məqsədi daşıyır.

Müsabiqədə iştirak edəcək namizədlər yüksək peşə hazırlığına və əmək intizamına cavab verməli, biçin dövründə əldə etdiyi nəticələr yüksək olmalıdır.

Müsabiqədə qalib gələn əməkdaşlara ASİHİB-nin diplom və mükafatları veriləcək.
Qeyd edək ki, respublikamızda taxıl biçini yekunlaşmaq üzrədir. İyunun 16-dək ölkə üzrə taxıl zəmilərinin 85 faizində biçin prosesi başa çatıb. Arpa sahələrinin 95,8 faizində, buğda sahələrinin isə 77,2 faizində biçin tam yekunlaşıb.