SİHİ RK-nın qurultayı keçirilib

898

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (SİHİ RK) IV qurultayı keçirilib.

SİHİ RK-nın sədri Arif Mərdanov iştirakçıları salamlayıb və qurultayı açıq elan edib.

Ardınca Dövlət Himni səsləndirilib, şəhidlərimizin və dünyadan köçən ittifaq üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Reqlamentə uyğun olaraq, qurultayın Redaksiya, Mandat və Hesablayıcı komissiyalarının tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib.

Gündəliyə SİHİ RK-nın 2017-2024-cü illər üçün gördüyü işlərin hesabatı, Təftiş komissiyasının hesabatı, SİHİ RK-nın Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, Komitənin tərkibinin formalaşdırılması və Təftiş komissiyasının yeni tərkibinin seçilməsi barədə məsələlər daxil edilib.

SİHİ RK-nın 2017-2024-cü illər üzrə gördüyü işlərin hesabatı ilə bağlı Komitənin sədr müavini Cavid Məmmədovun çıxışı dinlənilib.

Çıxışın ardından hesabat ətrafında müzakirələr aparılıb, qurumun fəaliyyəti qənaətbəxş hesab olunaraq yekdilliklə təsdiqlənib. Eləcə də Təftiş komissiyasının hesabat məruzəsi dinlənilib və təsdiq olunub.

Sonra qurultayda SİHİ RK-nın yeni tərkibi formalaşıb. Elnarə Muradova açıq səsvermə yolu ilə SİHİ RK-nın sədri, Cavid MəmmədovQönçə Abdullayeva sədrin müavinləri seçiliblər.

SİHİ RK-nın yeni sədri Elnarə Muradova ona etimad göstərən qurultay iştirakçılarına təşəkkür edib, rəhbərlik etdiyi qurumun səmərəli fəaliyyəti, səhiyyə işçilərinin əmək hüquqlarının qorunması, onlar üçün normalara uyğun iş şəraitinin yaradılması, istirahətlərinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində səylə çalışacağını vurğulayıb.