Qədim yemiş sortlarının bərpası işində fərqlənən ittifaq üzvləri mükafatlandırılıb

327

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Kürdəmir rayonunda bostançılıqla məşğul olan 40-dək fermerin iştirakı ilə istər qədim, istərsə yeni yemiş sortlarının yetişdirilmiş nümunələri ilə tanışlıq və nümunələrin dequstasiya göstəricilərinin qiymətləndirilməsinə dair tədbir təşkil edib. Tədbirdə fermerlərə bərpa olunmuş və yeni yaradılmış yemiş sortlarının xüsusiyyətləri barədə məlumatlar verilib.

Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqları Birliyinin rəhbəri Fuad Məmmədov da tədbirdə çıxış edib. Bildirib ki, bostan bitkilərinin yetişdirilməsi ənənələri Kürdəmir rayonunda tarixən güclü olub, ölkəmizdə mövcud olan əksər yemiş və qarpız sortları rayon ərazisində əkilib.

Eksperimental əkinlər üçün məhz Kürdəmir rayonunun seçilməsini uğurlu seçim adlandıran Birlik rəhbəri qədim və yeni sortların bərpasında seleksiyaçı alimlərlə yanaşı, bostan bitkilərinin yetişdirilməsi təcrübəsi olan fermerlərin də böyük rol oynadığını deyib. Daha sonra Fuad Məmmədov qədim yemiş sortlarının bərpası istiqamətində fəaliyyətinə görə seleksiyaçı Xurşud Məmmədova və Türkan Hacıyevaya, sınaq əkinlərini həyata keçirmiş fermer Nizami Bədirova, əkinlərin təşkilinə təşkilati dəstəyə görə Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elşən Cəbrayılova Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqları Birliyinin xüsusi mükafatlarını təqdim edib.

Tədbirdə çıxış edən kürdəmirli fermerlər qədim yemiş sortlarının bərpası istiqamətində görülən işləri müsbət qiymətləndirib, növbəti mövsüm bu sortların əkin sahələrinin artırılacağını qeyd ediblər.

Tədbirin sonunda fermerlər bərpa olunmuş və yeni yaradılmış yemiş sortlarının dad keyfiyyətlərini dəyərləndiriblər. Dequstasiya prosesində fermerlər tərəfindən xüsusi bal sistemi üzrə sortun rəngi, dadı, şəkərlilik səviyyəsi və digər göstəriciləri 5 ballıq sistem üzrə qiymətləndirilib. Qiymətləndirmənin nəticələri sorğu şəklində toplanaraq Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun Seleksiya şöbəsi tərəfindən dəyərləndiriləcək.