Azərbaycan və Pakistan bir-birini dəstəkləyən qardaş ölkələrdir

233

“Məlumdur ki, dövlətimizin müstəqilliyinin ilk illəri son dərəcə ağır keçib. Demək olar ki, bütün sahələr böhran içində idi, iqtisadi, siyasi tənəzzül getdikcə dərinləşirdi. Bir tərəfdən də işğalçı ölkənin ərazilərimizi hərbi yolla zəbt etməsi, insanlarımızın məcburi köçkün halına düşməsi vəziyyəti daha da gərginləşdirirdi. Bundan başqa, ölkəmizin həm daxili, həm də xarici siyasətində çaşqınlıq hökm sürürdü, vahid dövlət siyasəti formalaşmamış, ortada konkret mövqe də yox idi. Təbii ki, bütün bu qeyd olunanlar xarici ölkələrlə münasibətlərin qurulmasına, ümumiyyətlə, ölkəmizin mövcud beynəlxalq sistemə daxil olmasına ciddi maneələr yaradırdı. Belə bir durumda bizə yaxın gələn, ürəkdən dəstək verən, Türkiyədən sonra dövlətimizin müstəqilliyini ikinci tanıyan, ilk diplomatik münasibətlər quran qardaş Pakistan olub. Dost ölkə bu əlaqələrə hər zaman xüsusi önəm verib və daim gündəmdə saxlayıb. Odur ki, Azərbaycan-Pakistan əlaqələri bu illər ərzində yüksələn xətlə inkişaf edib, strateji müttəfiqlik səviyyəsinə çatıb”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Ulu Öndər Heydər Əliyevin 1994-cü ilin dekabrda beynəlxalq tədbir çərçivəsində həmin vaxt Pakistanın Baş naziri olmuş Benazir Bhutto ilə görüşünü xatırladan AHİK sədri bildirib ki, məhz bundan sonra təmaslar və qarşılıqlı səfərlər intensivləşdi, ikitərəfli əlaqələr yeni mərhələyə qədəm qoydu: “1995-ci ildə Pakistanın ovaxtkı prezidentinin ölkəmizə, 1996-cı ildə isə Ümummilli Lider Heydər Əliyevin qardaş ölkəyə rəsmi səfəri əlaqələrimizdə yeni səhifələr açmışdır. Dövlətimizin başçısı cənab İlham Əliyev ilk dəfə prezident seçildikdən sonra da Pakistanla əlaqələr ölkəmizin xarici siyasətində prioritet olub, yüksək səviyyəli münasibətlər davam etdirilib. Təşkil olunan qarşılıqlı rəsmi və işgüzar səfərlər, eləcə də beynəlxalq tədbirlər çərçivəsində dövlət və hökumət başçıları səviyyəsində baş tutan görüşlər, faydalı əməkdaşlığa dair aparılan müzakirələr münasibətlərin dinamikasına təkan verib, bir çox sahələr üzrə əməkdaşlığın genişlənməsinə səbəb olub”.

Səttar Möhbalıyev keçmiş Qarabağ münaqişəsi ilə bağlı qardaş ölkənin Azərbaycana göstərdiyi mənəvi-siyasi dəstəyi xüsusilə vurğulayıb: “Ümumiyyətlə, münaqişə dövründə Azərbaycanın xarici siyasətinin əsas tərəfini Ermənistanın işğal siyasətini dünyaya çatdırmaq və bu münaqişənin həllinə nail olmaq təşkil edib. Həmin dönəmlərdə Pakistan bizim haqq işimizə səmimi-qəlbdən dəstək verib, qəti və birmənalı mövqe sərgiləyərək qlobal aləmdə ölkəmizin ərazi bütövlüyünü davamlı şəkildə müdafiə edib, Azərbaycan dövləti və xalqı ilə həmrəy olub. Həmçinin bu səbəbdən Ermənistanla diplomatik münasibətlər qurmayıb, hətta onun müstəqilliyini, bir dövlət kimi varlığını belə tanımayıb. Yeri gəlmişkən, Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822 nömrəli qətnaməsinin qəbul olunmasında rəsmi İslamabadın xüsusi xidmətləri danılmazdır. Bütün bunlar, sözsüz ki, haqq və ədalətə söykənən bir siyasətdir, səmimi və təmənnasız dostluğun təzahürüdür”.

“Eyni zamanda dünyaya səs salan, bənzərsiz Qələbə ilə tariximizdə yeni səhifə açan, təcavüzkar ordunun məhvi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi vaxtı dost ölkə möhtəşəm dəstəyini ifadə edərək rəsmən Azərbaycanın yanında olduğunu bildirdi. Hər gün Pakistanın kütləvi informasiya vasitələri yenilənən xəbərlərlə müharibə ilə bağlı məlumatlar verir, reallığı, əsl həqiqəti ölkə və dünya ictimaiyyətinə çatdırırdılar. Qələbə xəbərlərinə isə qardaş xalqın nümayəndələri bizim qədər sevinir, sosial şəbəkələr vasitəsi ilə hisslərini bölüşürdülər. Buna minnətdarlıq rəmzi olaraq ölkəmizin hər yerində Pakistanın bayrağı bizim bayraqla birgə qaldırılırdı. Nəzərinizə çatdırım ki, Cəmmu və Kəşmir məsələsində də Azərbaycanın mövqeyi dəyişməzdir. Belə ki, dövlətimiz problemin beynəlxalq hüquq çərçivəsində, BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllini dəstəkləyir”, – deyə, o vurğulayıb.

AHİK sədri Səttar Möhbalıyev Azərbaycan və Pakistan münasibətlərinin inkişafında Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban xanım Əliyevanın xidmətlərindən də bəhs edib: “Ölkəmizdə və dünyada bir sıra nəcib missiyaların, humanitar layihələrin müəllifi olan Heydər Əliyev Fondu Pakistanda da sosialyönümlü humanitar işlər görüb. Fondun dəstəyi ilə qardaş ölkədə pulsuz tibbi diaqnostika və əməliyyatlar həyata keçirilib, dəfələrlə xeyriyyə tədbirləri təşkil olunub. Bilavasitə Mehriban xanım Əliyevanın dəstəyi ilə Həmzə Xeyriyyə Fondu xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunub. Təbii ki, qeyd etdiklərim Fond tərəfindən qardaş ölkədə görülən işlərin sadəcə bir qismidir. Bu möhtəşəm xidmətlərinə görə, Mehriban xanım dəfələrlə Pakistanın ali mükafatları ilə təltif olunub”.

“Prezident İlham Əliyevin qardaş ölkəyə budəfəki – iyulun 11-də gerçəkləşən səfəri mövcud münasibətlərimizin gələcək inkişafı baxımından böyük önəm kəsb edir. Öncə onu deyim ki, dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında dost ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib. Bu, Azərbaycan Prezidentinə olan xüsusi hörmətin və dərin ehtiramın əlamətidir. Səfər çərçivəsində keçirilən məhdud və geniş tərkibdə görüşlər, aparılan müzakirələr, həmçinin imzalanan sənədlər ikitərəfli əlaqələrin möhkəmlənməsinə, strateji tərəfdaşlığın genişlənməsinə və inkişafına ciddi təsir edəcək. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin mətbuata bəyanatla çıxışı zamanı ölkəmiz barədə, Prezident İlham Əliyev haqqında səsləndirdiyi səmimi fikirləri, iki ölkənin dostluğunun səviyyəsini əks etdirən ifadələr, həqiqətən də, qürurvericidir. Prezident İlham Əliyev də çıxışında ikitərəfli münasibətlərdə bir sıra vacib məqamlara toxundu, xüsusilə iqtisadiyyat, ticarət və sərmayələr sahəsində tərəfdaşlığın gücləndiriləcəyini bəyan etdi. Eləcə də beynəlxalq səviyyədə qardaş ölkələrin bir-birini müdafiə edəcəyi, həmrəylik göstərəcəkləri xüsusi olaraq qeyd olundu. Bu, onu göstərir ki, Azərbaycanla Pakistanın əlaqələri mövcud və yeni əlavə olunmuş istiqamətlər üzrə bundan sonra da dinamik inkişaf edəcəkdir”, – Konfederasiya sədri əlavə edib.