Almatıda iqlim dəyişməsi şərtlərində işçiləri müdafiə etmək üçün aktual məsələlər müzakirə olunub

326

İyunun 27-dən 28-dək Almatıda Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının Beynəlxalq Əmək Təşkilatı ilə birgə təşkil etdiyi “İqlim Dəyişikliyi üzrə Həmkarlar İttifaqlarının Fəaliyyəti” adlı beynəlxalq konfrans keçirilib.

Konfransda Azərbaycan, Tacikistan, Türkmənistan, Özbəkistan həmkarlar ittifaqlarının nümayəndələri, həmçinin Beynəlxalq Əmək Təşkilatının və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının ekspertləri iştirak ediblər.

İclası açan BƏT-in Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Sergeyus Qlovaskas deyib ki, bu konfransın ötən il Bakıda və Şımkənddə iqlim dəyişikliyi ilə bağlı keçirilən görüşlərin davamıdır.

Həmçinin bildirib ki, iqlim dəyişikliyi problemi dövrümüzün əsas çağırışlarından biridir. “İqlim dəyişikliyi sosial həyatın bütün aspektlərinə, o cümlədən hökumətlərin və institutların sosial təminatla bağlı fundamental hüququnu həyata keçirmək imkanlarına təsir göstərir”.
Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin salamlama nitqində qeyd edib ki, iqlim dəyişikliyi və iqlimlə bağlı risklərlə mübarizədə sosial müdafiənin əhəmiyyətinin artan tanınması ölkələri sosial yardım, sosial sığorta və aktiv əmək bazarına müdaxilələr vasitəsilə iqlim risklərinin mənfi sosial-iqtisadi təsirlərini yumşaltmağa yönəlmiş adaptiv proqramlar hazırlamağa və tədricən həyata keçirməyə sövq edər.

Bu baxımdan, Ədalətli Keçid ideyaları iqlim dəyişikliyinin və ətraf mühitin deqradasiyasının işçilərə və əmək bazarına birbaşa və dolayı mənfi təsirlərinin aradan qaldırılması üçün zəruri şərtə çevrilir. Onlar “yaşıl iqtisadiyyat”a keçidin təsirinə məruz qalan hər kəs üçün yaşayış, gəlir və iş səviyyəsinin saxlanmasına zəmanət verir. Son onilliklərdə qlobal istiləşmədən əhəmiyyətli dərəcədə təsirlənən Qazaxıstan iqlim dəyişikliyi məsələlərini dövlət üçün prioritet gündəm hesab edir. Ölkə rəhbərliyi müxtəlif yerlərdə iqlim dəyişikliyinin cəmiyyətin fəaliyyətinə və vətəndaşların güzəranına mənfi təsirinin qarşısının alınması üçün vaxtında və təsirli tədbirlərin görülməsinin mütləq zərurətini vurğulayır, bunun sübutu kimi Qazaxıstan Respublikasının “yaşıl iqtisadiyyat”a keçid Konsepsiyası qəbul edilib.
O, həmçinin xatırladıb ki, Qazaxıstan regionda Paris Sazişini ratifikasiya edən və 2060-cı ilə qədər Karbon Neytrallıq Strategiyasını qəbul edən ilk ölkə oldu. Bu il Qazaxıstan və Fransa Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ilk “One Water” tematik sammitinə həmsədrlik edəcəklər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin birinci müavini İlyas Əliyev çıxış edərək ölkəmizdə investisiyaların bir qisminin hazırda iqlim tədbirlərinə və ətraf mühitin dayanıqlılığına yönəldiyini deyib. Bildirib ki, ölkə prioritemiz geotermal enerjidən tutmuş, hidroenerji və külək enerjisinə qədər, təbiətin bəxş etdiyi bərpaolunan enerji ehtiyatlarına keçidi maliyyələşdirməkdir. Azərbaycanın COP29 kimi möhtəşəm bir tədbirin keçirilməsi üçün seçilməsi təsadüfi deyil. Ölkəmizin məhz iqlim dəyişmələrinin qarşısının alınması, ilk növbədə istixana effektini törədən qazların atmosferə buraxılmasının həcminin əhəmiyyətli dərəcədə azaldılması istiqamətində həyata keçirdiyi tədbirlər bu qərarın qəbul edilməsində öz rolunu oynayıb. Azərbaycan üçün COP29 konfransına ev sahibliyini 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Tədbirin çoxsaylı iştirakçıları və qonaqları ölkəmizdə gedən quruculuq işlərini, ətraf mühitin mühafizəsinə göstərilən diqqəti, iqlim dəyişmələri ilə mübarizəni əyani görə biləcəklər. Dünyanın hər yerindən gəlmiş insanlar işğaldan azad olunmuş ərazilərimizdə erməni ekosidinin vurduğu zərbələrin nəticələrini aradan qaldırmaq üçün həyata keçirilən işləri də əyani görəcəklər. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

“Həmkarlar ittifaqları milli dayanıqlı inkişaf siyasətinin hazırlanması, həyata keçirilməsi və monitorinqində fəal rol oynamalı və bütün səviyyələrdə sosial dialoqda iştiraka kömək etməlidir. Həmkarlar ittifaqları işçilərin sağlamlığı və rifahını təmin edən hüquqlarını müdafiə etmək üçün bütün mövcud resurslardan bəhrələnməlidir. İqlim dəyişikliyi prosesləri təkcə təhlükə yaratmır, həm də qlobal əməkdaşlığı sürətləndirir və bugünkü konfrans da bunu sübut edir. Əgər biz həqiqətən də bu mövzunu həmkarlar ittifaqlarının işində prioritet etmək istəyiriksə, daha çox birgə tədbirlər keçirməliyik ki, baş verənlərdən hamımız xəbərdar olaq”, – deyə İlyas Əliyev əlavə edib.

Öz növbəsində BƏT/ACTRAV üzrə baş proqram mütəxəssisi Lene Olsen iştirakçılara iqlim dəyişikliyi və ədalətli keçidlə bağlı BƏT-in təlimatları haqqında məlumat verib. “Ədalətli keçidin bütün aspektləri sosial yönümlü olmalı, beynəlxalq əmək standartları hər yerdə tətbiq edilməli və hər hansı dəyişiklik ilk növbədə işçilər üçün ədalətli olmalıdır. Bunun üçün həm milli, həm də yerli səviyyədə yaradıcı siyasət və təbii ki, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarının ratifikasiyası tələb olunur”, – BƏT eksperti deyib.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumatı Pan Avropa Reqional Şurasının (PARŞ) İcraçı katibi Anton Leppik və BHİK-in qlobal iqlim siyasəti üzrə koordinatoru Bert De Vel paylaşıblar. Ekspertlər qeyd ediblər ki, dünyada sənaye istehsalının qlobal transformasiyası gedir və COP29-da əldə olunan razılaşmadan asılı olmayaraq, bu, davam edəcək.

BHİK nümayəndələri həmkarlar ittifaqlarını işini sosial ədalət prinsipləri əsasında qurmağa və istixana qazlarının emissiyalarının məhdudlaşdırılması tədbirlərinin təsirinə məruz qala bilən sənayelər də daxil olmaqla, bütün işçilər üçün parlaq gələcəyin planlaşdırılmasında lider olmağa çağırdılar.

“İşçilər, onların ailələri, icmaları və həmkarlar ittifaqları gəlir, fayda və imkan məsələlərində vahid olmalı, birləşməlidirlər. Ətraf mühitin mühafizəsinin bütün xərclərinin dünyanın zəhmətkeş və ən həssas insanlarının çiyinlərinə düşməsinə icazə verilə bilməz. Amma “Ədalətli Keçid” proqramı həyata keçirilməsə, bütün bunların pulunu məhz bu insanlar ödəməli olacaq”, – Anton Leppik vurğulayıb.

“İqlim dəyişikliyi işçi hərəkatının müdafiə etdiyi hər şeyi təhdid edir: bərabərlik, sosial ədalət, layiqli iş. COP29-da əldə edilən hər hansı razılaşma son söz olmayacaq, bu, başlanmış səyahətin davamı olacaq”, – deyə Bert De Vel bildirib.
Mütəxəssislərin fikrincə, davamlı sənaye siyasətlərini və hərtərəfli Ədalətli Keçid proqramlarını təşviq edən iqlimlə bağlı fəaliyyət sazişi işçi hərəkatı tarixində ən yaxşı imkanlardan biri ola bilər.

Konfransda həmçinin müxtəlif regionlarda həyata keçirilən layihələr, təşəbbüslər və tədqiqatlar nəzərdən keçirilib və onları “Ədalətli Keçid” proqramı çərçivəsində müəssisələrin inkişafı və yaşıl iş yerləriləri üzrə mütəxəssisi Kristina Martinez iştirakçılara təqdim edib.
Konfransın ikinci günü iştirakçı ölkələrin həmkarlar ittifaqlarının fəaliyyət strategiyalarını müəyyən edən tədqiqatların təqdimatı keçirildi. “Qlobal istiləşmə və ədalətli keçidə adaptasiya. Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyəti” adlı prezentasiyanı bu sətirlərin müəllifi təqdim etdi.

Qrup müzakirələri müxtəlif iqlim dəyişikliyi ssenarilərini və onların iqtisadiyyatın müxtəlif sektorlarına təsirini araşdırdı. İştirakçılar qeyd etdilər ki, iqlim dəyişikliyi iş mühitində və bacarıq tələblərində dəyişiklikləri tələb edə bilər. Həmçinin qeyd olunub ki, həmkarlar ittifaqları dəyişən iqlim şəraitində işləyərkən işçilərin hüquqlarının qorunmasında və onların təhlükəsizliyinin təmin edilməsində fəallıq göstərməlidir.