AHİK nümayəndələri beynəlxalq təlimdə iştirak edib

290

Gürcüstanın Borjomi rayonunun Bakuriani qəsəbəsində “Layiqli Əmək Ölkə Proqramının (LƏÖP) inkişafı, tətbiqi və monitorinqində həmkarlar ittifaqlarının fəal iştirakı” mövzusunda təlim proqramı təşkil olunub.

Tədbirdə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin birinci müavini İlyas Əliyev, Aparat rəhbərinin müavini Qara Ağayev, mütəxəssisi Tural Süleymanov da təlimin iştirakçıları arasında olub.

BƏT/AKTRAV-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə işçilərin fəaliyyəti ofisinin rəhbəri Sergeyus Glovaskas və Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının (GHİK) Prezidenti İrakli Petriaşvili BƏT-nin missiyası və mandatı haqqında qısa icmalı təqdim ediblər. “Layiqli Əmək Anlayışı” mövzusunda keçirilən sessiyada isə BƏT-nin baş mütəxəssisi Qoça Aleksandria layiqli əməyin mahiyyəti və əsas komponentləri barədə məlumat verib, iş imkanları, sosial müdafiə və sosial dialoq barədə müzakirələr aparılıb.

Təlimdə həmçinin BƏT-nin layiqli əmək mandatı və LƏÖP haqqında geniş məlumat verilib, hökumət, işəgötürənlər, işçilər və beynəlxalq tərəfdaşların LƏÖP-nin inkişafında və tətbiqində rolundan danışılıb.

Panel müzakirələrdə isə Azərbaycan, Gürcüstan, Ermənistan və Moldovadan olan nümayəndələr təcrübələrini bölüşüb.

Qeyd edək ki, təlim Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin həmkarlar ittifaqlarının LƏÖP-nin hazırlanması, tətbiqi və monitorinqi ilə bağlı bilgilərinin artırılması məqsədilə təşkil olunub. AHİK nümayəndələrinin bu tədbirdə iştirakı qurumun beynəlxalq əməkdaşlıq və layiqli əmək məsələlərində fəal iştirakını nümayiş etdirir.