“Yay məktəbi”nin fəal iştirakçıları təltif olunub

258

İyunun 30-da Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə xüsusi kateqoriyadan olan 45 uşağın iştirak etdiyi “Yay məktəbi” başa çatıb.

Ağbulaq İstirahət Mərkəzində təşkil olunan tədbirdə çıxış edən Naxçıvan Həmkarlar İttifaqları Şurasının şöbə müdiri – mətbuat katibi Günel Nur bildirilb ki, Şura tərəfindən bu cür layihələrə dəstək olmaqda məqsəd uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi, bacarıqlarının üzə çıxarılması, onlara sağlam həyat tərzinin aşılanmasıdır. O, iştirakçıları təbrik edərək onlara yay istirahətlərində uğurlar arzulayıb.

Sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Könül Babayeva vurğulayıb ki, yay istirahəti dövründə belə bir layihənin reallaşdırılması uşaqlara keyfiyyətli təhsil imkanları yaratmaq, əyləncələrini təşkil etməklə yanaşı intellektual və aktiv uşaqların istedadlarının üzə çıxarılmasında əhəmiyyətli rol oynayır.

Tədbirdə təşkilatçılar tərəfindən “Yay məktəbi”ndə müxtəlif əyləncəli yarışlarda qalib olan və fəallığı ilə fərqlənən 17 uşaq və 3 könüllü fəxri fərmanla təltif edilib.
Qeyd edək ki, yay məktəbi 3 gün davam edib. Bu müddətdə uşaqlar üçün Ağbulaq kəndinə ekskursiya, konsert, vətənpərvərlik mövzusunda filmlərin nümayişi, idman yarışları, intellektual oyunlar, maarifləndirici seminarlar, kitab mütaliə saatı və əyləncəli saatlar təşkil edilib.