“Xidmət-İş”in qurultayı keçirilib

385

İyunun 5 – də “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının V Qurultayı keçirilib.
Öncə Federasiyanın prezidenti İlyas Əliyev və qurultay nümayəndələri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin, Şəhidlər xiyabanında Vətənimizin bütövlüyü uğrunda canından keçən igid oğullarımızın məzarlarını ziyarət edərək önünə gül dəstələri düzüblər.
Qurultayı “Xidmət İş” Hİ Federasiyasının prezidenti İlyas Əliyev açıq elan edib. Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Reqlamentə uyğun olaraq, qurultayın Rəyasət heyəti, Redaksiya, Mandat və Hesablayıcı komissiyalarının tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib.
İlyas Əliyev gündəlikdə olan məsələləri nümayəndələrin diqqətinə çatdırıb. “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının 2017-2024-cü illərdə gördüyü işlərin hesabatı, Nəzarət-təftiş komissiyasının hesabatı, əsas istiqamətləri, təşkilati məsələlərin daxil olduğu gündəlik təsdiqlənib.

İ.Əliyev qeyd edib ki, “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası tərəfindən son 5 ildə ittifaqın nizamnaməsinə və digər normativ-hüquqi sənədlərin tələblərinə uyğun olaraq üzvlərinin əmək, sosial iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı müəyyən işlər görülüb.

Hesabat məruzəsi ilə Federasiyasının vitse-prezidenti Xəyyam Nəsibov çıxış edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişaf strategiyasından, misilsiz qələbələrlə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından, Böyük Qayıdış proqramından, əmək, sosial və iqtisadi sferada təkamül proseslərindən bəhs edib. Eyni zamanda ölkədə işçilərin əmək hüquqlarının mühafizəsinin təminatından və burada həmkarlar ittifaqlarının rolundan danışıb, federasiyanın hesabat dövründə gördüyü işlər barədə məlumat verib. Bildirib ki, fəaliyyət dairəmizə daxil olan bütün istiqamətlər üzrə missiyamızı uğurla yerinə yetirməyə səy göstərmişik: “Ölkəmizin, təşkilatımızın gələcəyi olan gənc ittifaq üzvlərinin ixtisaslaşmasına, potensialından daha səmərəli istifadə etməsinə, mənəvi yetkinlik məsələlərinə xüsusi diqqət ayırmışıq.

AHİK-in və BƏT-in 2018-2023-cü illərdə gənc və qadın işçilərlə bağlı həyata keçirdiyi tədbir və layihələrdə, o cümlədən “Gənclərin məşğulluq siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolu”, “Gənclərin məşğulluğu, kollektiv danışıqlar və mübahisələrin həlli”, “Diskriminasiyaya və müdafiəsiz əməyə qarşı mübarizədə BƏT-in rolu” və sair mövzularda təşkil olunan seminarlarda Federasiyanın gənc üzvləri fəal iştirak ediblər. Ötən illər ərzində gender problemləri ilə bağlı Federasiyanın təşkilatçılığı ilə 43 seminar və görüş keçirilib. Bu tədbirlərə 630 qadın və gənc cəlb olunub. Yeri gəlmişkən qeyd edim ki, son beş ildə Federasiyası tərəfindən “StreetNet İnternational” Beynəlxalq Alyansın xətti ilə 45 seminar, 13 dəyirmi masa, sahə fəallar məktəbində isə hər il 15-23 seminar keçirilib.
Xidmətimizdə olan müəssisə və təşkilatlarda təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi, əməyin və ətraf mühitin mühafizəsi, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması, təhlükəsizlik texnikası üzrə qayda və normalara riayət olunması sahəsində də nailiyyətlər qazanılıb. 2018-2023-cü illərdə işçilərin əmək hüquqlarının pozulması ilə bağlı Federasiyaya 44 ərizə daxil olub. Onlardan 33-ü işə bərpa ilə əlaqədar idi. Ərizədə edilən şikayət müsbət həllini tapdı. 16 müəssisə və təşkilat xidmətimizə daxil olan AHİK-in “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı altında keçirdiyi müsabiqədə qalib adını qazanıb. Bu il Federasiyanın yubiley yaşı tamam olan işçiləri, veteranlar Fəxri Fərman, pul mükafatı və bir nəfər “Həmkarlar ittifaqlarında xidmətə görə” medalı ilə mükafatlandırılıblar.

Sonda İlyas Əliyev qeyd edib ki, bundan sonra da “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası, onun üzv təşkilatları qarşılarına qoyduqları vəzifələri inamla həyata keçirəcək, işçilərin əmək hüquqlarının müdafiəçisi funksiyalarını layiqincə yerinə yetirəcəklər. Bizim arzumuz və amalımız sürətli inkişaf və tərəqqinin hər bir ölkə vətəndaşının, hər bir həmkarlar ittifaqı üzvünün həyatında öz əksini tapmasıdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və həmkarlar ittifaqlarının möhkəmləndirilməsi istiqamətində atdığı addımların, imzaladığı fərman və sərəncamların, tapşırıq və tövsiyələrinin icra olunması bu məqsədə çatmaqda bizə böyük dəstəkdir. İnanırıq ki, AHİK üzv təşkilatları ilə birlikdə bundan sonra da qət edəcəyi yolda, yeni-yeni uğurlara imza atacaqdır.

Məruzə ətrafında çıxışlar dinlənilib. Qurumun fəaliyyəti qənaətbəxş hesab edilib.
Təşkilati məsələyə baxılıb. İlyas Əliyev yenidən “Xidmət-İş”Həmkarlar İttifaqları Federasiyasının prezidenti, Cəmaləddin İsmayılov və Xəyyam Nəsibov vitse-prezident vəzifəsinə seçiliblər.