Sosial və iqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası keçirilib

297

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təmsil olunduğu Sosial və iqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın onlayn iclası keçirilib.

İclasda AHİK-in birinci müavini İlyas Əliyev, AHİK-in katibi-Aparat Rəhbəri Həsən Cəfərov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, nazirin müşaviri Əbülfət Məhərrəmov, ASK-nın vitse-prezidentləri – Vüqar Zeynalov, Zakir Nuriyev, Jalə Hacıyeva və digər komissiya üzvləri iştirak ediblər.

Gündəliyə iki məsələ – Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın 2024-cü il üçün iş planı və Dünya Bankının texniki dəstəyi ilə son dövrdə həyata keçirilmiş və keçirilməkdə olan əmək qanunvericiliyinə dəyişikliklərin inkişaf perspektivləri daxil edilib.
AHİK-in Katibi-Aparat rəhbəri Həsən Cəfərov 2024-cü ilin iş planı barədə məlumat verib. ƏƏSMN-in Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov isə Dünya Bankının texniki dəstəyi ilə son dövrdə həyata keçirilmiş və keçirilməkdə olan əmək qanunvericiliyinə dəyişikliklər barədə təqdimatla çıxış edib. O, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində görülmüş işlərdən, qanunvericilikdə qadın əməyi ilə bağlı məhdudiyyətlərdən, beynəlxalq normalardan, məhdudiyyətlərin aradan qaldırılması üzrə görülmüş işlərdən, eləcə də BƏT tərəfindən ləğv edilməsi nəzərdə tutulan konvensiyalardan və əmək münasibətlərində gender bərabərliyindən bəhs edib. Bildirib ki, Azərbaycanda 2020-ci ildə qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqının 63,3 % təşkil edirdisə, 2022-ci ildə bu, 67,1 % olub. Eləcə də Dünya Bankının Qadınlar, biznes və qanun hesabatının 2024-cü il nəşrində Azərbaycanın beynəlxalq reytinqinin yüksəldiyi açıqlanıb. Fuad Heydərov əlavə edib ki, qadınların məşğulluq imkanlarının genişləndirilməsi, gender bərabərliyinin daha mütəşəkkil formada təmin edilməsi, qadınların daha yüksək əməkhaqqı ödənilən sahələrdə çalışmasına nail olunması, mili qanunvericiliyin beynəlxalq əmək standartlarına uyğunlaşdırılması qarşıdakı hədəflər sırasındadır.

Gündəliyə çıxarılan məsələlər ətrafında müzakirələr aparılıb, rəy və təkliflər səslənib. İclasda Üçtərəfli Komissiyanın 2024-cü il üçün İş Planı da təsdiqlənib.