SÖEYSİHİ RK-nın hesabat-seçki konfransı keçirilib

413

İyunun 12-də Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (SÖEYSİHİ RK) hesabat-seçki konfransı keçirilib.
Konfransdan öncə SÖEYSİHİ RK-nın sədri Mirkazım Abasov və tədbirin nümayəndələri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Sonra Əmək və Sosial Münasibətlər Akademiyasının binasında SÖEYSİHİ RK-nın konfransı başlayıb, Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Reqlamentə uyğun olaraq, konfransın Rəyasət heyəti, Redaksiya, Mandat və Hesablayıcı komissiyaların tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib.

SÖEYSİHİ RK-nın ötən dövr ərzində gördüyü işlərin hesabatı ilə bağlı sədr Mirkazım Abasovun çıxışı dinlənilib. O qeyd edib ki, yeni üzvlər cəlb etmək üçün müxtəlif üsul və vasitələrdən, forma və metodlardan geniş istifadə edilib: “Özəl sektorda son 6 ildə 83 şirkətdə həmkarlar ittifaqı təşkilatı yaradılıb. VII Plenumdan sonra bu siyahıya daha 24 şirkət əlavə olunub. Hazırda Respublika Komitəsinin ətrafında 1422 ilk həmkarlar ittifaqı təşkilati birləşir. Bu təşkilatlar 28133 həmkarlar ittifaqı üzvünü əhatə edir. Xidmət sahəsində 49 şəhər və rayon, 3 birləşmiş həmkarlar ittifaqı komitəsi var. Respublika Komitəsinin Plenumunun 10, Rəyasət Heyətinin 29 iclası keçirilib”.

Sədr bildirib ki, əsas vəzifələrimizdən biri də müəssisə və təşkilatlarda əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsiz əməyin təşkili və istehsalatda bədbəxt hadisələrin qarşısının alınmasıdır: “Bu sahədə də müəyyən uğurlara imza atmağı bacarmışıq. Xidmətimizdə olan bir neçə müəssisənin AHİK-in “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında keçirdiyi respublika müsabiqəsində qaliblər sırasında olması bu fikrimə ən yaxşı sübutdur. Hesabat illərində Respublika Komitəsi üzv müəssisə və təşkilatlarda hüquqi təbliğata geniş yer verib, əmək münasibətlərində işçilərin və işəgötürənlərin hüquq normalarına əməl etmələri, sahibkarların hüquqi cəhətdən daha çox maarifləndirilməsi diqqət mərkəzində saxlanılıb”.

Çıxışın ardından hesabat ətrafında müzakirələr aparılıb, qurumun fəaliyyəti qənaətbəxş hesab olunaraq təsdiqlənib.

Konfransda təşkilati məsələyə də baxılıb. Mirkazım Abasov yenidən Respublika Komitəsinin sədri, Mehman Fərzəliyev isə sədr müavini seçilib.

Mirkazım Abasov ona etimad göstərən konfrans iştirakçılarına təşəkkür edib, bundan sonra da rəhbərlik etdiyi qurumun səmərəli fəaliyyəti, ittifaq üzvlərinin əmək hüquqlarının qorunması, onlar üçün normalara uyğun iş şəraitinin yaradılması, istirahətlərinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində daha səylə çalışacağını vurğulayıb.
Tədbirdə AHİK-in Katibi-Aparat rəhbəri Həsən Cəfərov çıxış edərək Respublika Komitəsinə gələcək fəaliyyətində uğurlar arzulayıb və bir sıra tövsiyələrini səsləndirib.