“Shirvan Operating Company Ltd” şirkətində hesabat-seçki konfransı keçirilib

311

“Shirvan Operating Company Ltd” şirkətinin Azərbaycandakı Filialının Həmkarlar ittifaqı komitəsində (HİK) hesabat-seçki konfransı keçirilib.

Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək onun unudulmaz xatirəsini dərin ehtiramla yad etdikdən sonra “Heydər Əliyev Xatirə Muzeyi” ziyarət edilib.
Konfrans iştirakçıları muzeylə tanışlıq zamanı Azərbaycan tarixi üçün əhəmiyyətli sənədlər, Ulu öndərə həsr olunmuş kitablar, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş fotoşəkillər və zəngin materiallarla yaxından tanış oldular. Ziyarət zamanı Ulu Öndərin adını daşıyan muzeyin yaradılması, dahi şəxsiyyətin dövlət idarəçiliyindəki misilsiz xidmətləri, zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib.

Konfransın işində “Shirvan Operating Company Ltd” Şirkətinin filialının Prezidenti Volkov Aleksey Leontyeviç, “Shirvan OC Ltd” şirkətinin istehsalat üzrə vitse-prezidenti Neymişov Dmitriy Serqeyeviç, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədr müavini Fətulla Mustafayev, Təşkilat şöbəsinin müdiri Heydər Əsgərov, əməkdaşı Eldar Nəsibov və digər nümayəndələr iştirak ediblər.

Konfransda Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Həmkarlar İttifaqı Komitəsinin və Təftiş Komissiyasının 2017-ci il sentyabr –2024-cü il may dövrünü əhatə edən fəaliyyətləri barədə hesabatları dinlənilib, slayd nümayış olunub. Məruzələr ətrafında çıxışlarda “Shirvan Operating Company Ltd” şirkəti HİK-nın və Təftiş komissiyasının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib. Konfransda çıxış edən şirkətin prezidenti və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyi hesabatı yüksək dəyərləndirib nümunəvi təşkilatlardan biri olduğunu bildirərək, gələcəkdə qarşıda duran vəzifələrin həyata keçirilməsində yeni seçiləcək heyətə uğurlar arzulayıblar.

Konfransda həmçinin “Shirvan Operating Company Ltd” şirkəti HİK-nın və Təftiş komissiyasının üzvləri seçilib, AzNQSİ Hİ Respublika Komitəsinin VI Qurultayına nümayəndələr müəyyənləşib. Taleh Məmmədov isə yenidən HİK-nın sədri seçilib.