Qurtuluşun Zəfər təntənəsi

282

15 İyun – tarixinin ən qüdrətli Azərbaycanının müstəqilliyi və dövlətçiliyinin xilas günü – Milli Qurtuluş Günü kimi xalqımız tərəfindən hər zaman böyük ehtiramla qeyd edilir.
Bizləri bu tarixdən 31 illik zaman ayırır…
Amma hər bir tarixi gün, bayram keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur, onun mahiyyətini daha dərindən dərk etməyə çağırır.
Yaşadığımız tarix, mahiyyətini dərk etdiyimiz reallıqlar onu deməyə əsas verir ki, Milli Qurtuluş Günü tariximizin şanlı məqamı, müasir dövlətçilik salnaməmizin isə ən şərəfli səhifəsidir. Çünki məhz həmin gün Azərbaycanın müstəqilliyinin davamlılığını, dövlətçiliyinin müqəddəratını həll edən tarixi andır. Onun müəllifi isə Azərbaycan xalqının xilaskar lideri Ulu Öndər Heydər Əliyevdir.
Bu gün Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tam bərpa etməsi, üçrəngli bayrağımızın bütün ölkə ərazisində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda dalğalanmasının əsası 15 iyun 1993-cü ildə qoyulub.
Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın möhtəşəm nailiyyətləri Heydər Əliyevin ideyalarının təntənəsidir.

Naxçıvandan başlayan müstəqillik mücadiləsi

Bu bir həqiqətdir ki, əgər Ulu Öndər Heydər Əliyev 31 il öncə çox ağır məsuliyyəti üzərinə götürməsəydi, bu gün Azərbaycan müstəqilliyini itirmiş, torpaqları hələ də işğal altında olan, kimlərəsə vassallıq edən ölkə idi. Elə bu səbəbdən də 1993-cü ilin 15 iyun günü Azərbaycan dövlətinin və xalqının həyatında yeni dövrün başlanğıcı kimi qəbul edilir.
Əgər tarixə ekskurs edib ən yaxın keçmişə nəzər yetirsək, ömrünü xalqına, dövlətinə həsr edən Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinə şahidlik etmiş olarıq.
1982-ci ildə Ümummilli Lider Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi hər bir azərbaycanlı üçün çox qürurverici hadisə oldu. Bu illərdəki coşqun fəaliyyəti, yüksək işgüzarlığı, fitri təşkilatçılıq bacarığı onun şöhrətini getdikcə artırdı, sorağı SSRİ-nin hüdudlarını aşdı.
Ulu Öndər Moskvada yaşadığı və işlədiyi dövrdə də Azərbaycana diqqət və qayğısını əsirgəmir, respublikamızın ictimai, mədəni həyatı ilə daim maraqlanırdı. 1987-ci ildə Heydər Əliyevə qarşı SSRİ rəhbərliyində, xüsusilə Sov.İKP MK-nın baş katibi M.Qorbaçov tərəfindən aparılan təqiblərə cavab olaraq o, vəzifəsindən istefa verdi. Bununla belə, bütün qadağalara baxmayaraq, Ulu Öndər SSRİ-də və Azərbaycanda gedən prosesləri diqqətlə izləməkdə davam edir, xalqı ilə nəfəs alırdı. Onun gücü də məhz bunda idi. 1990-cı il yanvarın 20-də sovet qoşunları Bakıda qırğın törədəndən sonra buna ən sərt şəkildə etiraz edən məhz Ümummilli Lider idi. Həmin vaxt Heydər Əliyev İlham Əliyevlə birgə böyük cəsarət nümayiş etdirərək Azərbaycanın Moskvadakı nümayəndəliyinin binasında təşkil olunan mətbuat konfransında SSRİ rəhbərliyini açıq formada kəskin tənqid etdi.
Dahi şəxsiyyət bir müddət Moskvada yaşadıqdan sonra Azərbaycanda – doğma diyarı Naxçıvanda yaşamağa üstünlük verdi və 1990-cı il iyulun 22-də muxtar respublikaya qayıtdı. Həmin vaxtlar blokada şəraitində olan Naxçıvan özünün ən çətin günlərini yaşayırdı. Muxtar respublikanın əhalisi bir tərəfdən Ermənistanın hücumlarının qarşısını almağa, digər tərəfdən bütün SSRİ məkanında baş alıb gedən hərc-mərclik və xaos nəticəsində bölgədə yaranmış siyasi, iqtisadi və sosial çətinlikləri aradan qaldırmağa çalışırdı.
Əlbəttə ki, Heydər Əliyev belə bir vəziyyətlə barışa bilməzdi. Hər tərəfdən olan təzyiqlərə baxmayaraq, xalqı üçün ölməyi şərəf bilən dahi lider Azərbaycanın müstəqilliyi naminə mücadiləyə qalxdı. Onun müstəqillik uğrunda əzmkarlıqla mübarizə apardığını görən Naxçıvan əhalisi Ulu Öndəri 1990-cı ilin sentyabr ayında Naxçıvanın və Azərbaycanın parlamentlərinə deputat seçdi.
Ümummilli Lider sessiyalarda Dağlıq Qarabağ problemi ilə əlaqədar Bakı rəsmilərinin yeritdiyi siyasəti və Moskvanın mövqeyini kəskin tənqid edir, SSRİ-nin tezliklə dağılacağını bəyan edirdi. Lakin həmin vaxtlar ölkəyə rəhbərlik edən iqtidar bu fikirlərə məhəl qoymur, Kremlə sədaqət nümayiş etdirirdi. Buna baxmayaraq, Heydər Əliyev Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsindən bir addım belə geri çəkilmirdi. 1990-cı il noyabr ayının 17-də muxtar respublikanın Ali Sovetinin birinci sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə doğma Azərbaycanımızın üçrəngli bayrağı qaldırıldı və bununla da həmin vaxtdan müstəqilliyimizin bərpasının əsası qoyuldu. Bundan başqa, Ulu Öndərin təklifi ilə muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarıldı və Naxçıvan MR Ali Soveti Ali Məclis adlandı. Habelə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi.
Naxçıvan əhalisi Heydər Əliyevə böyük inam və ümid bəsləyərək onun muxtar respublikaya rəhbərlik etməsini arzu edirdi. Xalqın bu istəyi 1991-ci il sentyabrın 3-də reallaşdı və Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə Sədr seçildi.
Ali Məclisin Sədri kimi Ulu Öndər öncə ağır günlərini yaşayan Naxçıvanın vəziyyətini yüngülləşdirmək üçün qardaş Türkiyə və İranla əlaqələri yaxşılaşdırdı. Muxtar respublikanın gələcək taleyini iqtisadiyyatın bazar münasibətləri əsasında inkişaf etməsində görən Ulu Öndər tezliklə islahatların həyata keçirilməsini önə çəkdi. Muxtar respublikada bütün qüvvələr və imkanlar əhalinin rifah halının yaxşılaşmasına və təhlükəsizliyin təmin edilməsinə səfərbər olundu. Azərbaycanda ilk dəfə iqtisadi və aqrar islahatlar muxtar respublikada həyata keçirilməyə başladı. Uğurla həyata keçirilən bu təxirəsalınmaz tədbirlər tezliklə öz bəhrəsini verdi, Naxçıvanda siyasi və iqtisadi vəziyyət getdikcə sabitləşməyə başladı. İqtisadiyyatda və dövlət quruculuğunda əldə edilən bu sabitlik ermənilərin muxtar respublikaya hücumlarını mərdliklə dəf etməyə və cəbhədə sakitliyin bərqərar olmasına imkan yaratdı.
1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini və suverenliyini bərpa etdi. Bu tarix elə bir dövrə təsadüf edirdi ki, bir tərəfdən mənfur qonşumuz Ermənistan separatçılıq siyasəti yürüdərək ərazi iddiası ilə bizi müharibəyə cəlb etmiş, digər tərəfdən yeni yaradılmış suveren dövlətin rəhbərliyinə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək və proqnozlaşdırmaq imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslər gəlmişdi. Belə vəziyyət cəbhədə gərginliyi artırmaqla yanaşı, hakimiyyət uğrunda mübarizəni də qızışdırmışdı. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri havadarlarının köməyi ilə Dağlıq Qarabağdan azərbaycanlıları zor gücünə qovur, etnik təmizləmə aparırdılar.
Bir reallıq da budur ki, Ulu Öndərin Naxçıvanın blokadadan qurtuluşu üçün ortaya qoyduğu səylər tezliklə öz bəhrəsini verdi və muxtar respublikanın bugünkü müasir inkişafı əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli Liderin Naxçıvanın blokadadan çıxarılması üçün atdığı ilk addımlardan biri qardaş Türkiyə ilə əlaqələrin qurulması oldu. Həmin dövrdə Naxçıvanda Ulu Öndərin “Bir millət, iki dövlət” fikrinin reallığa çevrilməsi mərhələsi başlandı. Dahi şəxsiyyət 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu” imzalandı, Naxçıvanla Türkiyə arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanıldı. Həmin il mayın 28-də iki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan Sədərək-Dilucu körpüsü istifadəyə verildi. Körpünün istifadəyə verilməsi ilə Naxçıvanda blokadanın ağır fəsadlarının tədricən aradan qaldırılmasına, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına, muxtar respublikanın dünyaya tanıdılmasına, Qərbə inteqrasiyasına başlanıldı. Eyni zamanda bu, Türkiyənin şərq vilayətlərinin inkişafına təkan verib, nəqliyyat əlaqələrinin inkişafı və beynəlxalq daşımalar üçün yeni istiqamət müəyyənləşdirdi.
Dahi lider körpünün açılması zərurətini belə xarakterizə edirdi: “Belə bir körpü tikmək bizim bir azərbaycanlı kimi, şəxsən mənim on illərlə qəlbimdə olan arzu idi. Bu fikir mənim qəlbimdə on illərlə yaşayırdı. Mən özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər, o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüskarı oldum”.
Ulu Öndərin təşəbbüsü ilə yaradılan “Ümid körpüsü” iki qardaş xalqı bir-birinə qovuşdurmaq, yurddan-yurda, könüldən-könülə körpü salmaq baxımından mühüm əhəmiyyət kəsb edirdi. Çünki Azərbaycan-Türkiyə və Naxçıvan əlaqələrinin müasir səviyyəsi, türk dünyasının birlik və bütövlük ideyalarının gerçəkləşdirilməsi istiqamətində görülən işlər şərh edilərkən məhz “Ümid körpüsü”nün əhəmiyyəti xüsusi vurğulanır. Bu körpü Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının başlanğıcı olub. Bu körpü təkcə Naxçıvanın Türkiyə ilə əlaqələrinin yaradılması deyil, Azərbaycanın türk dünyasına açılan qapısı kimi xarakterizə edilməlidir.
Müasir Azərbaycanın memarı və qurucusu olan Ulu Öndər Naxçıvanın zülmətdən işıqlı sabaha çıxması üçün çox mütərəqqi addımlar atıb. Bu gün 100 yaşını qeyd edən Naxçıvan Muxtar Respublikasının uğurlu inkişafı Ulu Öndərin qoyduğu təməllərin bəhrəsidir. Dahi liderin layiqli davamçısı, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, suverenliyimizi, ərazi bütövlüyümüzü tam təmin edən Prezident İlham Əliyev də muxtar respublikanın sürətli inkişafı üçün çox mühüm layihələr reallaşdırır, vacib sərəncamlar imzalayır. Onlardan biri də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”dır. Dövlət proqramının 2023-2024-cü illər üzrə təfsilatlı tədbirlər planında nəzərdə tutulan layihələrə diqqət yetirdikdə aydın şəkildə görünür ki, tezliklə muxtar respublikanın sosial-iqtisadi, mədəni həyatında inqilabi yeniliklər olacaq.
Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvanda Prezidentin Səlahiyyətli Nümayəndəsi İnstitutunun fəaliyyətə başlaması və məqsədyönlü islahatların uğurla həyata keçirilməsi ilə muxtar respublikada yeni inkişaf mərhələsinin başlanması təmin edilib və qədim diyar bu gün müasir inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçısının qədim diyarın daha da yüksəlişi ilə bağlı hazırladığı dövlət proqramı müasir Naxçıvanın yeni inkişafının yol xəritəsidir.

İqtisadi və siyasi tənəzzüldən inkişaf mərhələsinə

Müstəqilliyini bərpa etdikdən sonra ölkəmizi sevməyən xarici və daxili qüvvələrin yaratdığı bir çox problemlə üzləşmişdik. Ermənistanda və Azərbaycanın Qarabağ bölgəsində yaşayan azərbaycanlıların öz doğma yurdlarından ermənilər tərəfindən zorla didərgin salınması, keçmiş Dağlıq Qarabağ münaqişəsinin genişlənməsi və bölgədə olan rayonların işğalı, müəyyən ərazilərdə separatizm meyillərinin təhlükəli vəziyyət alması, iqtisadi tənəzzül, xalqın sosial rifahının pisləşməsi və digər neqativ proseslər o dövrün acı mənzərəsi idi.
Azərbaycanın müasir dövlətçilik tarixinin ən faciəli və qanlı-qadalı dövrünə çevrilən 1993-cü ilin iyun hadisələri, kəskinləşən siyasi və hərbi böhran AXC-Müsavat iqtidarının siyasi yarıtmazlığının məntiqi nəticəsi idi. Hələ Gəncə hadisələrinə qədər ölkə idarəolunmaz vəziyyətə gəlib çıxmışdı, mərkəzdənqaçma meyilləri pik həddə çatmışdı. Hakimiyyətsizlik, anarxiya baş alıb gedirdi. İqtidarın bu cür idarəçiliyi vətəndaş müharibəsi və ölkənin parçalanması üçün zəmin yaratmışdı.
Bir sözlə, Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planı tam gücü ilə işə salınmışdı və AXC-Müsavat iqtidarının səriştəsizliyi buna rəvac verirdi. Xaos və özbaşınalıq, vətəndaş müharibəsi təhlükəsi insanlarda gənc dövlətin gələcəyi ilə bağlı böyük suallar doğururdu. Xalq belə mürəkkəb vəziyyətdən çıxış yolunu Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında görür, ona etibar edir və ümidlər bağlayırdı. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə gələcək taleyini özü həll etmək niyyətində idi.
Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Ümummilli Liderin iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə respublikanın çağdaş tarixində dönüş mərhələsi idi. Azərbaycan Milli Məclisinin 1997-ci il 27 iyun tarixli qərarı ilə 15 iyunun hər il Milli Qurtuluş Günü kimi qeyd edilməsi də obyektiv reallığa əsaslanır.
Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
Dövlətçiliyimizin müqəddəratının həll edildiyi 1993-cü ilin vahiməli iyun günlərində xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı məhv olmaq fəlakətindən xilas etməklə onu davamlı və dayanıqlı inkişaf yoluna çıxartdı. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ümummilli Liderin uzaqgörənliyi, qətiyyətli siyasəti və dərin zəkasının işığında qədəm qoydu. Güclü iradə, fenomenal yaddaş, qətiyyət və liderlik qabiliyyəti ilə idarəetmə ustalığını özündə birləşdirmək bacarığına malik siyasətçi Azərbaycanı dünyaya tanıtdı, iqtisadi əlaqələrini genişləndirdi.
Azərbaycan qısa zamanda Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan güclü dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi. Bundan sonra Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.
Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami Silahlı Qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı. Digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi.

Qurtuluşdan Şuşa Bəyannaməsinə və suverenliyin tam təminatınadək

Qazanılan bütün uğurların əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Həm Heydər Əliyev, həm də İlham Əliyevi Azərbaycan xalqının xilaskar liderləri adlandırmaq olar. Əgər Ulu Öndər Azərbaycanı ən ağır, ən dəhşətli günlərdə müstəqilliyini itirmək təhlükəsindən qurtarıbsa, cənab İlham Əliyev Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib, 200 illik uydurma erməni xülyasına son qoyub, xalqının ən ağrılı problemi olan keçmiş Qarabağ münaqişəsini öz gücünə 44 günə həll edib.
2020-ci ilin sentyabrında başlayıb noyabr ayında Zəfərimizlə bitən İkinci Qarabağ müharibəsi, 2023-cü ildə həyata keçirilən lokal miqyaslı antiterror tədbirləri bir daha Azərbaycanın gücünü dünyaya nümayiş etdirdi.
Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam təmin edən böyük Zəfərin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün dünyada sözü imzası qədər keçərli olan qlobal lider kimi tanınır.
Prezidentin həyata keçirdiyi tam müstəqil siyasətli Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır.
Bu gün Azərbaycan özünün ən parlaq günlərini yaşayır. Əminliklə qeyd edə bilərik ki, Azərbaycan çoxəsrlik tarixində heç vaxt bu qədər istiqrarlı, güclü olmayıb. Bütün bu hədsiz sevinci xalqımıza Müzəffər Ali Baş Komandan İlham Əliyev bəxş edib.
Azərbaycan xalqının Milli Qurtuluş Gününü qeyd etdiyi 15 İyun həm də tarixi Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümü ilə əlamətdardır. Əslində, bu iki tarixi hadisə arasında təbii bir bağ, inkarolunmaz əlaqə var. 1993-cü ildə Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ilə bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas olaraq, inkişafa, sabitliyə, təhlükəsizliyə, öz qurtuluşuna qədəm qoyan Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada 28 il sonra Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu tarixi sənədə imza atmaları özlüyündə böyük bir rəmzi məna daşıyır. Bu, Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin, xalqlarımızın mənəvi birliyi ilə yanaşı, siyasi, iqtisadi sahədə də həmrəyliyinin möhkəmləndirilməsi, həmçinin bütün türk dünyasına böyük töhfədir. Şuşa Bəyannaməsi də, azad Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları da ölkələrimiz arasında sarsılmaz birliyi bütün dünyaya nümayiş etdirir.
Reallıq budur ki, qalib komandan kimi cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün və bütün ərazilərində suverenliyinin tam bərpasına nail olub. Hazırda Xankəndidə, Şuşada, Xocalıda, Ağdamda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə, Xocavənddə, Qubadlıda bayrağımız əzəmətlə dalğalanır. Başqa sözlə desək, Qarabağın separatçı xunta cilovundan azad olunması kimi mürəkkəb, hətta bəziləri tərəfindən həlli mümkünsüz görünən problem həll edilib və üstəlik Cənubi Qafqazda dünyanı heyrətə salan yeni reallıqlara imza atılıb.
Cənab İlham Əliyevin əsl Sərkərdə məharəti ilə düşməndən təmizlənən Qarabağ və Şərqi Zəngəzurda misli görünməyən quruculuq işləri aparılır və illərdən sonra soydaşlarımızın bu torpaqlara böyük köçü başlayıb.
Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevin əlindədir. Xalqımız əmindir ki, müstəqil Azərbaycan dahi şəxsiyyət Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək. Azərbaycan daha da qüdrətləndikcə Ulu Öndərin ölməz ruhu şad olacaq.

Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı

“Azərbaycan” qəzeti