Metropolitendə uşaqlar üçün tədbir keçirilib

287

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı metropolitenində korporativ sosial məsuliyyət çərçivəsində Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə tədbir keçirilib.

Metropoliten işçilərinin övladları və nəvələri üçün təşkil edilmiş tədbir “Bakı Metropoliteni” QSC-nin inzibati binasının akt zalında, çoxsaylı istəkləri nəzərə alaraq iki növbədə təşkil edilib. Ümumilikdə maraqlı gündə 300-dən artıq azyaşlı və yeniyetmə uşaq iştirak edib.

Tədbirdə ənənəyə uyğun, böyükdən kiçiyə hər kəsin sevimlisi Bəhram Bağırzadə uşaqların görüşünə gələrək müxtəlif mövzuları əhatə edən imzalı kitablarını balaca oxuculara təqdim edib. O, uşaqlarla şən zarafatlar edərək tövsiyələr verib və bol xatirə şəkilləri çəkdirib.

Zala gətirilən şarlar uşaqların bayram ovqatını daha da gücləndirib. Uşaqlara meyvə şirələri, sərin su, popkorn paylanıb. Tədbirdə ölkəmizin peşəkar uşaq kanalı olan ARB-nin “Günəş” televiziya kanalının təqdimatında kiçikdən böyüyə hamının maraqla izlədiyi cizgi filmi nümayış olunub.

Uşaqların könlünü oxşayan gün xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb.