Dəmiryolçuların Həmkarlar İttifaqı Beynəlxalq Konfederasiyasının iclası keçirilib

241

Mayın 27-dən iyunun 1-dək Qazaxıstanın paytaxtı Astana şəhərində Dəmiryolçuların Həmkarlar İttifaqı Beynəlxalq Konfederasiyasının 67-ci iclası keçirilib.
İclasda Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqının sədri Vaqif Bədəlov iştirak edib.

Vaqif Bədəlov iclasda çıxışında bildirib ki, hazırda Azərbaycan Dəmir Yolunun həyatında yeni dönəm başlayıb. 44 günlük Vətən Müharibəsində Azərbaycanın inamlı qələbəsindən sonra bütün sahələrdə olduğu kimi, dəmir yolunda da yeni layihələr gerçəkləşdirilməyə başladı, azad olunmuş ərazilərdə yeni dəmir yolu xətlərinin çəkilişinə start verildi. Horadiz-Ağbənd, Bərdə-Ağdam dəmir yolu xətlərinin çəkilişində işlərin böyük bir hissəsi həyata keçirilib. Eyni zamanda dəmir yolunda həyata keçirilən, yeniləşmə, transformasiya proqramı çərçivəsində rəqəmsallaşma sürətləndirilir. Azərbaycan Dəmir Yolları beynəlxalq və regional nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyindən bu marşrutların fəaliyyətinin daha da genişləndirilməsində aktiv rol oynayır. Bütün bu işlərdə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Cəmiyyət rəhbərliyi ilə əlbir fəaliyyət göstərir.

Həmçinin Qazaxıstan televiziyasına müsahibə verən Vaqif Bədəlov qeyd edib ki, Dəmiryolçuların Həmkarlar İttifaqı Beynəlxalq Konfederasiyasının iclaslarının keçirilməsi çox əhəmiyyətlidir. Burda müzakirələr zamanı toxunulan məsələlər təkcə həmkarlar təşkilatlarına deyil, bütövlükdə dəmiryolçulara aiddir. Dəmiryolçuların hüquq və mənafelərinin qorunması, sosial problemlərinin həlli belə tədbirlərin əsas amalı olur.

Tədbirin sonunda imzalanan memorandum ölkələrin dəmir yolları, həmkarlar təşkilatları arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq.