Azərbaycan Silahlı Qüvvələrinin qüdrəti ilbəil yüksəlir

266

“Xalqımızın qəhrəmanlıq salnaməsini yazan, tarixi missiyalarını şanlı qələbələrlə sona çatdıran Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri ölkəmizdə böyük nüfuz sahibidir. Xalqımız onları qəhrəman hesab edir, hörmətlə yanaşır və xidmətlərini yüksək qiymətləndirir. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycanın mükəmməl, güclü, yüksək döyüş ruhlu, Vətəni canından belə artıq sevən yenilməz Ordusu var. Təbii ki, bu Ordunu formalaşdıran, böyük inkişaf yoluna çıxaran müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev olub. O, hər zaman strateji saydığı bu sahəni diqqətdə saxlayırdı, hətta respublikamıza rəhbərlik etdiyi ötən əsrin 70-ci illərdə bu istiqamətdə mühüm işlər görmüşdü. 1971-ci ildə məhz Ulu Öndərimizin uzaqgörənliyi və gərgin zəhməti bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Bundan sonra Azərbaycanda hərb sənətinə maraq xeyli artdı, yerli zabit kadrların hazırlanması prosesi geniş vüsət aldı. Bu məktəbin əhəmiyyəti həm də onda idi ki, müstəqilliyimiz bərpa olunduqdan sonra ordu quruculuğu işində əsas baza rolunda çıxış etdi. Odur ki, Silahlı Qüvvələrimizin inkişaf tarixi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin əsas hədəflərindən bir də nizami ordunun yaradılması idi. Onun bu istiqamətdə apardığı işlərin ilk göstəricisi isə uğurlu və son dərəcə əhəmiyyətli “Horadiz” əməliyyatı oldu. Bu əməliyyatın həm də önəmi o idi ki, ruh düşkünlüyünə uğramış, qələbəyə olan ümidləri tükənmiş xalqımızda inam hissi artdı, əsgər və zabitlərimizə güvən və etimad yüksəldi. Sözsüz ki, psixoloji üstünlük müharibə aparan dövlət üçün ən vacib məqamdır”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, “Horadiz” əməliyyatından sonra Ermənistan atəşkəsə getməyə məcbur oldu və bundan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması və döyüş ruhunun yüksəldilməsi istiqamətində mühüm işlər görüldü: “1999-cu ildə Hərbi Akademiya yaradıldı, ordu quruculuğu beynəlxalq standartlara uyğunlaşdırıldı, Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, eləcə də “Planlaşdırma və analiz prosesi” proqramına, “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. Hərbçilərimiz NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Eyni zamanda beynəlxalq sülhməramlı qüvvələrin tərkibinə qatılmaqla zəngin təcrübə qazandılar və NATO standartlarına uyğunlaşan Ordumuz beləliklə müasir və güclü bir orduya çevrildi”.

AHİK sədri qeyd edib ki, xalqımızın etimadını layiqincə doğruldan, Ulu Öndərin bütün istiqamətlərdə siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev ordu quruculuğunu da daim diqqət mərkəzində saxlayıb: “Görülən effektli işlər, aparılan davamlı islahatlar nəticəsində hərbçilərimizin peşəkarlığı, döyüş ruhu, mənəvi-psixoloji hazırlığı daha da artdı, ən müasir silah və texnika ilə Ordumuz təchiz edildi. Ardıcıl və sistemli şəkildə görülən işlər sayəsində Silahlı Qüvvələrimiz regionun ən güclü və mütəşəkkil ordusuna çevrildi. Beynəlxalq hesabatlarda belə Ordumuzun qüdrəti, mütəşəkkiliyi xüsusi olaraq qeyd olunur, Cənubi Qafqazda birinci, dünyada isə əlli ordu sırasında göstərilir. Təbii ki, bu, Prezident İlham Əliyevin bu sahəyə olan ali diqqətinin bariz nümunəsidir. 2016-cı ilin Aprel döyüşləri isə Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Düşmən təxribatına tutarlı cavab verilməklə yanaşı, 2 min hektardan çox ərazi düşməndən təmizləndi. Sonra Odumuz 2018-ci ildə Günnüt zəfərini çaldı, Naxçıvan istiqamətində 11 min hektardan artıq ərazi və Günnüt kəndi azad edildi. Bu qələbələr eləcə də qarşı tərəfə göstərdi ki, belə bir güclü Ordunun qarşısında tab gətirə bilməz və məğlubiyyət qaçılmazdır. Demək olar ki, sarsıdıcı zərbələr alan işğalçılar dərin ruh düşkünlüyünə uğradılar”.

“Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin ən böyük missiyası isə tariximizdə parlaq səhifələr açan, yeni dövrün əsasını qoyan 44 günlük Vətən müharibəsi oldu. Bu bənzərsiz Qələbə ilə 200 illik münaqişə tarixə qovuşdu, 30 il davam etmiş müharibə Zəfərlə başa çatdı, xalqımız böyük Qələbənin sevincinə qərq oldu. Vətən hissini bütün duyğulardan üstün tutan əsgər və zabitlərimiz bu şərəfli yolda ölümdən belə çəkinmədilər, rəşadətlə döyüşərək işğalçı ordunu məhv etdilər. Planlaşdırılan bütün əməliyyatlar uğurla yekunlaşdı, tətbiq edilən taktikalar özünü doğrultdu. Bir sözlə, ikinci Qarabağ müharibəsində əsgər və zabitlərimizin şanlı döyüş yolunun hər bir addımı bizim qəhrəmanlıq salnaməmizdir və tariximizdə əbədi qalacaq. Eyni zamanda ötən ilin sentyabr ayında Qarabağda həyata keçirilən antiterror tədbirləri göstərdi ki, Azərbaycan əsgərinin aşa bilmədiyi sədd yoxdur, bu Ordu ildən-ilə güclənir və təcrübəsi artır”, – Milli Məclisin deputatı vurğulayıb.

Səttar Möhbalıyevin sözlərinə görə, Silahlı Qüvvələrimizin artan gücü bizi bir daha əmin edir ki, ölkəmizin müdafiə qüdrəti bundan sonra da yüksələcək, sərhədlərimiz daha etibarlı şəkildə qorunacaq, müstəqilliyimiz və dövlətimizin suverenliyi əbədi olacaq.