Ailə quran qaziyə həmkarlar ittifaqı tərəfindən hədiyyələr verilib

39

AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov və Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Zöhrə Əliyeva Vətən müharibəsi qazisi, Cəsur döyüşçü, Suqovuşanın azadlığı uğrunda medalları ilə təltif olunmuş, Prezident təqaüdçüsü Ağdaş rayonunun Cardan kəndində yaşayan Ədil Ədilovun nişan mərasimində iştirak ediblər.
Mərasimə qatılan alimlər qazinin ailə üzvləri ilə görüşüb, gəncləri təbrik edib Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və AMEA adından onlara hədiyyələr təqdim olunub.

Sənan Həsənov AMEA Prezidenti, akademik İsa Həbibbəylinin və AHİK sədri Səttar Möhbalıyevin gənclərə təbriklərini çatdırıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşərək tarixi Zəfəri bizə yaşatdıqlarına görə Ədil Ədilovun timsalında bütün qazilərimizə və şəhid ailələrinə alimlər adından minnətdarlıq ifadə olunub.

Həmçinin alimlər kənddə şəhidlərin əziz xatirəsinə tikilmiş bulağı ziyarət edib, ruhlarına dualar oxuyublar.

Qazi və şəhid ailələrinin üzvləri, qonaqlar və kənd camaatı bu diqqətə görə, AMEA və AHİK rəhbərliyinə, o cümlədən ziyalılara öz minnətdarlıqlarını bildiriblər.