AHİK-in əməkdaşları beynəlxalq seminarda iştirak ediblər

272

İyunun 17-21-də Moldovanın paytaxtı Kişineu şəhərində Davamlı İnkişaf üzrə Regional İşçilər Akademiyası “İşçi hüquqları və qlobal sammit yolunda – Avropa və Mərkəzi Asiya üçün dayanıqlı inkişaf üzrə həmkarlar ittifaqlarının fəaliyyətinin gücləndirilməsi” mövzusunda seminar keçirib.

Beynəlxalq Əmək Təşkilatının (ILO-ACTRAV) İşçilərin fəaliyyəti bürosunun, Beynəlxalq Təlim Mərkəzi və Moldova Milli Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə baş tutan seminara Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Moldova və Ermənistanın həmkarlar ittifaqlarının nümayəndələri qatılıblar.

Ölkəmizi tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Aparat rəhbərinin müavini Qara Ağayev və Təşkilat işləri və məlumat şöbəsinin təlimatçısı Leyla Həmzəyeva təmsil ediblər.

ACTRAV-nin ITC-ILO proqramlarının baş mütəxəssisi Evelyn Tot seminarın əhəmiyyətindən söz açıb, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələri iştirakçıların diqqətinə çatdırıb.

Moldova Milli Həmkarlar İttifaqları Konfederasiyasının sədri İqor Zubko təlim zamanı Layiqli Əmək və İqtisadi Artımla bağlı 8 saylı məqsədin önəmindən, BƏT-nin müşaviri Volfqanq Şefer isə dayanıqlı inkişaf konsepsiyalarından və ölkələrin təcrübələrindən bəhs edib.
Qeyd edək ki, beş gün davam edən təlimdə beynəlxalq və milli ekspertlər həmkarlar ittifaqlarının rolu və öhdəlikləri, əmək bazarının yeni çağırışları, həmkarlar ittifaqlarının tələbləri və müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq, effektiv sosial dialoq üçün tərəfdaşlığın inkişafı, növbəti dövr üçün prioritetlərin müəyyənləşdirilməsi barədə fikirlərini və təcrübələrini bölüşüblər. Təlimdə mövzular üzrə müxtəlif qrup işləri və ölkə təqdimatlarında fəal iştirak edən AHİK nümayəndələri BƏT-nin Beynəlxalq Təlim Mərkəzinin xüsusi olaraq hazırladığı “Nailiyyət Sertifikatları” ilə təltif olunublar.