Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi” təşkil edilib

294

İyunun 28-də Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə xüsusi kateqoriyadan olan uşaqlar üçün Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi” təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev şagirdlərlə görüş zamanı bildirib ki, Naxçıvan Muxtar Respbublikasının 100 illiyi ilə əlaqədar muxtar respublikamızda silsilə tədbirlər keçirilir. Bu cür tədbirlərdə uşaqlar da diqqətdə saxlanılıb. Vurğulanıb ki, Şura tərəfindən muxtar respublikamızda yaşayan bütün kateqoriyadan olan uşaqların sağlam, savadlı, vətənpərvər böyüməsinə hər zaman xüsusi diqqətlə yanaşılır. Onların istirahətlərini təşkil etməklə yanaşı, problemlərinin həlli istiqamətində də lazımi tədbirlər görülür.

Sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ölkəmizdə, eləcə də muxtar respublikamızda həyata keçirilən dövlətimizin uşaq siyasətindən bəhs edib. Bildirilib ki, dövlətimiz tərəfindən onların layiqli vətəndaş kimi yetişmələri, bilikli, bacarıqlı, yüksək intellektli vətəndaş olaraq formalaşmaları üçün bütün mümkün tədbirlər reallaşdırılır.

Ümumilikdə 45 uşağın iştirakı ilə baş tutan yay məktəbi 3 gün davam edəcək. Proqramda Ağbulaq kəndinə ekskursiya, konsert, vətənpərvərlik mövzusunda filmlərin nümayişi, idman yarışları, intellektual oyunlar, maarifləndirici seminarlar, kitab mütaliə saatı və mütaliə olunmuş kitabların müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, “Yay məktəbi”nin sonunda fəallıq nümayiş etdirən uşaqlara diplomlar təqdim ediləcək.