YAP Həmkarlar İttifaqı Komitəsinin yığıncağı keçirilib

295

Yeni Azərbaycan Partiyası (YAP) Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib.
Yığıncaqda YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra yığıncağın gündəliyi barədə məlumat verilib. Gündəliyə YAP Həmkarlar İttifaqı Komitəsinin 25 avqust 2023 – 3 may 2024-cü il tarixlərini əhatə edən dövrdəki fəaliyyətinə dair hesabatı, YAP Həmkarlar İttifaqı Komitəsi Təftiş Komissiyasının həmin dövr üçün hesabatı və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının VII qurultayına nümayəndələrin seçilməsi məsələləri daxil edilib. Gündəlik səsə qoyularaq təsdiqlənib.

Daha sonra YAP Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə dair hesabat dinlənilib. Komitənin sədri Məhəmməd Məhərrəmov bildirib ki, hesabat dövründə müxtəlif xarakterli tədbirlər həyata keçirilib, işçilərin və onların ailələrinin mədəni-kütləvi tədbirlərdə iştirakı təmin olunub. Eyni zamanda işçilərin sosial müdafiəsinin, asudə vaxtının və istirahətinin təmin edilməsi istiqamətində də müvafiq addımlar atılıb. Bundan başqa, şəhid ailələrinə və müharibə iştirakçılarına da maddi dəstək göstərilib.
Yığıncaqda Təftiş Komissiyasının sədri Zəkiyyə Musayevanın təşkilatın gəlir və xərclərinin təftişinin nəticələri barədə hesabatı dinlənilib.
Təqdim olunan hesabatlardan sonra müzakirələr aparılıb.
Çıxış edən YAP Gənclər Birliyi sədrinin müavini, YAP Həmkarlar İttifaqı Komitəsinin gənclər və idman məsələləri üzrə daimi komissiyanın sədri Fəsli Nəbiyev və YAP Həmkarlar İttifaqı Komitəsinin mədəni-kütləvi tədbirlər üzrə daimi komissiyanın sədri Xatirə Əliyeva hesabat dövrü ərzində fəaliyyətin qənaətbəxş qiymətləndirilməsini təklif ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublika Komitəsinin sədri Hikmət Osmanov YAP Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətini müsbət dəyərləndirib. O qeyd edib ki, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı bundan sonra da işçilərin əmək və sosial hüquqlarının təmin olunması ilə əlaqədar YAP Həmkarlar İttifaqı Komitəsi ilə fəal əməkdaşlıq edəcək.
Yığıncaqda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxış edərək partiyanın Həmkarlar İttifaqı Komitəsinin hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndirib. O qeyd edib ki, Komitənin fəaliyyətində ünvanlılıq, şəffaflıq və sosial ədalət prinsipləri daim əsas götürülməlidir. YAP Mərkəzi Aparatının rəhbəri təşkilatın bundan sonrakı dövrdə işini daha səmərəli qurması üçün müvafiq tövsiyələrini verib.
Müzakirələrin sonunda hesabat yığıncağının müvafiq qərarı qəbul olunub. Komitənin hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
İclasda həmçinin YAP Həmkarlar İttifaqı Komitəsindən Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının VII Qurultayına iki nəfər nümayəndənin seçilməsi barədə qərar qəbul edilib.